"Krafton" şirkətinə məxsus olan "Unknown Worlds Entertainment" studiyasının yeni sualtı sağ qalma simulyatoru "Subnautica 2" qısa müddətdə böyük populyarlıq qazanıb. Oyun erkən giriş mərhələsinin ilk 12 saatı ərzində 2 milyon nüsxə satılıb. "Krafton"un məlumatına görə, satış rəqəmləri beş gün ərzində 4 milyon nüsxəni geridə qoyub.
"Alinea Analytics" analitik agentliyinin hesabatına əsasən, satışların mütləq əksəriyyəti, yəni 4 milyon nüsxə "Steam" platformasının payına düşüb. "Xbox" konsolunda isə bu göstərici 100 mindən az olub. Bununla belə, 2,4 milyon istifadəçi oyunu "Game Pass" abunəliyi vasitəsilə sınaqdan keçirib. Nəticədə, layihənin ümumi auditoriyası 6,5 milyon nəfəri aşıb.
Bu göstəricilər "Subnautica 2"ni 2026-cı ilin "Steam"də ən sürətli satılan oyunu edir. Beş günlük satış rəqəmlərinə görə o, "Slay the Spire 2" (2,9 milyon), "Resident Evil Requiem" (2,1 milyon) və "Crimson Desert" (1,3 milyon) kimi rəqiblərini üstələyib. Lakin gəlir baxımından 120 milyon ABŞ dolları qazanan "Resident Evil Requiem" liderliyini qoruyur, "Subnautica 2" isə 96 milyon ABŞ dolları gəlirlə ikinci yerdə qərarlaşıb.
Oyunun bu cür kəskin uğuru "Krafton" şirkətini "Unknown Worlds" studiyasına ödəməkdən qaçmağa ümid etdiyi 250 milyon ABŞ dolları məbləğində bonusu verməyə məcbur edəcək. Şərtə görə, studiya 15 sentyabr 2026-cı il tarixinədək 69,8 milyon ABŞ dolları qazanmalı idi. Qeyd edək ki, "Subnautica 2" 14 may tarixində fərdi kompyuterlər ("Steam", "EGS", "Microsoft Store"), "Xbox Series X" və "S", həmçinin "Game Pass" üçün erkən girişə çıxarılıb. Keçən həftə tərtibatçılar oyunun təkmilləşdirilməsi planını təqdim ediblər və bura öldürmə alətləri daxil edilməyib.






