"Krafton" şirkətinə məxsus "Unknown Worlds Entertainment" tərəfindən hazırlanan "Subnautica 2" sualtı sağ qalma simulyatoru erkən giriş mərhələsində böyük maraqla qarşılanıb. Rəsmi məlumatlara görə, oyunçular təxminən iki ay ərzində oyunda ümumilikdə 58 milyon saat (təxminən 6,6 min il) vaxt keçiriblər. Bu müddət ərzində istifadəçilər 545 milyon kilometr məsafə qət ediblər ki, bu da Yupiterə olan məsafənin 86,8 faizinə bərabərdir.
Oyunçu ölümləri ilə bağlı statistika xüsusilə diqqət çəkir. Ümumi ölümlərin 42 faizi (15,6 milyon) oksigen çatışmazlığından, 19 faizi (7 milyon) dəniz canlıları ilə qarşıdurmadan, 18 faizi (6,6 milyon) isə susuzluqdan baş verib. "PC Gamer"-in hesablamalarına görə, "Subnautica 2" oyunçuları ABŞ-dakı statistik göstəricilərlə müqayisədə 3829 dəfə daha tez-tez boğulma hadisəsi ilə üzləşirlər.
Oyunçuların digər nailiyyətləri nələrdir?
İstifadəçilərin fəaliyyəti təkcə ölümlərlə məhdudlaşmır. Oyunçular 8,3 milyon tək və 28 milyon kooperativ sessiya başladaraq, 5,8 milyon "Golovastik" (Tadpole) adlı sualtı gəmi inşa ediblər. Həmçinin, oyunçular tərəfindən 331 milyon su ilbizi toplanıb və 702 milyondan çox sərf edilə bilən əşyadan istifadə olunub.
14 may tarixində PC (Steam, EGS, Microsoft Store), Xbox Series X və S, həmçinin Game Pass platformalarında istifadəyə verilən oyun, satışa çıxarıldıqdan iki həftə sonra 5 milyon nüsxə satılıb. Hazırda Steam platformasında 91 faiz müsbət reytinqə sahib olan oyun, istifadəçilər tərəfindən yüksək qiymətləndirilir.






