Britaniyanın oyun studiyası "Firefly Studios", məşhur orta əsr strategiya seriyasının davamı olan "Stronghold 4"-ü rəsmən anons edib. Oyun seriyanın ilk hissəsindən əvvəlki dövrü əhatə edən bir prikvel kimi təqdim olunur. Layihənin əsas məqsədi orta əsr İngiltərəsinin atmosferini, qala həyatının detallı simulyasiyasını və tarixi realizmi yenidən ön plana çıxarmaqdır.
Oyunun mərkəzində Penrin adlı sadə bir çobanın həyat hekayəsi dayanır. Oyunçular bu sadə kəndlinin yüksəlişinə və onun cəngavərlik tituluna qədər gedən çətin yoluna rəhbərlik edəcəklər. 22 missiyadan ibarət olan kinematoqrafik kampaniyada "Baldur’s Gate 3", "Clair Obscur: Expedition 33" və "Kingdom Come: Deliverance 2" kimi oyunların ulduzları səsvermədə iştirak ediblər.
Texniki yeniliklər nələrdir?
"Stronghold 4" tamamilə "Unreal Engine 5" mühərriki üzərində qurulub və seriya tarixində ən geniş xəritələri təklif edir. Oyunun mexanikası yüksək realizmlə seçilir: məsələn, qar yağması məhsulun yetişməsinə mane olur, yağışlı hava isə oxçuların atəş məsafəsini azaldır. Təkmilləşdirilmiş müharibə sistemi ilə yanaşı, oyunçulara daha dərin strateji imkanlar vəd edilir.
Oyunun "Steam" platformasında erkən çıxışı 2026-cı ildə planlaşdırılır. İlkin mərhələdə oyunçulara süjet kampaniyası, sərbəst rejim və oflayn döyüşlər təqdim olunacaq. Çoxoyunçulu rejim, iqtisadi kampaniya və kooperativ funksiyalar isə gələcək yeniləmələrlə əlavə ediləcək. Layihənin demo versiyası isə 23 iyun tarixində istifadəyə veriləcək.






