"Legendary Pictures" və "Paramount Pictures" kinokompaniyaları Yaponiyanın "Capcom" nəşriyyatının əfsanəvi döyüş oyunu seriyasına əsaslanan "Street Fighter" filminin ilk tam treylerini yayımlayıb. Ekran işinin süjet xətti 1993-cü ildə cərəyan edir. Keçmiş dostlar və küçə döyüşçüləri olan Ryu və Ken Masters sirli Chun-Li tərəfindən qəddar "Ümumdünya Döyüşçülər Turniri"nə cəlb olunurlar.
Filmin rəsmi sinopsisinə görə, bu döyüş yarışının arxasında ölümcül bir sui-qəsd gizlənir. Bu gizli plan Ryu və Ken ikilisini həm bir-biri ilə, həm də keçmişlərinin demonları ilə vuruşmağa məcbur edəcək. Yaradıcıların sözlərinə görə, əgər onlar bunu bacarmasalar, oyun başa çatacaq. Təxminən üç dəqiqə davam edən rəsmi treyler turnirin əsas iştirakçılarını və "hadouken" kimi pərəstişkarlara tanış olan xüsusi fəndlərin istifadə edildiyi barışmaz döyüşləri nümayiş etdirir.
"Street Fighter" pərəstişkarları ekranlaşdırmanın treylerini böyük coşqu ilə qarşılayıblar. Buna səbəb kimi seriyanın ruhunun inandırıcı şəkildə çatdırılması göstərilir. İnternet istifadəçilərindən biri olan MandosCulture bu barədə
"Bax bu, həqiqətən də videooyun əsasında çəkilmiş filmə bənzəyir"şərhini verib.
Rollarda Andrew Koji (Ryu), Noah Centineo (Ken) və Callina Liang (Chun-Li) çıxış edirlər. Filmdə həmçinin Jason Momoa və repçi 50 Cent də yer alıb. "Street Fighter" filminin dünya premyerası 16 oktyabr tarixinə planlaşdırılıb. Layihənin rejissoru "Bad Trip" filmi və "Twisted Metal" serialı ilə tanınan Kitao Sakuraidir.






