Texnologiya həvəskarı Ştefan Varetska (Stefan Warecka) Reddit forumunda özünün hazırladığı qeyri-adi layihəni təqdim edib. O, kompakt "Steam Machine" oyun kompüteri üçün xüsusi maye soyutma sistemi (SЖО) quraşdırıb. Altı nüvəli AMD (Zen 4) prosessoru və RDNA 3 arxitekturalı qrafik prosessorla təchiz edilmiş bu sistemin soyudulması üçün mürəkkəb mühəndislik həlləri tətbiq olunub.
Layihənin icrası zamanı Ştefan Varetska ilk növbədə ana platanı skan edərək, həm mərkəzi, həm də qrafik prosessoru əhatə edən xüsusi su blokunu modelləşdirib. Su blokunun əsası misdən hazırlanıb, üst hissəsi isə akril şüşədən ibarətdir. Kompakt korpusun üst qapağında borular üçün xüsusi dəliklər açılıb və sistem kənarda yerləşən radiator və nasosla birləşdirilib.
Müəllif modifikasiyanın performans artımına birbaşa təsir etmədiyini bildirsə də, temperatur göstəricilərində ciddi irəliləyiş qeydə alınıb. "Cyberpunk 2077" və "007 First Light" oyunlarında aparılan sınaqlar zamanı sistemin temperaturunun 20–30 °C azaldığı məlum olub. Qeyd edək ki, BIOS səviyyəsində overclock (sürətləndirmə) dəstəyinin olmaması səbəbindən bu dəyişiklik əsasən cihazın istilik idarəetməsini optimallaşdırmağa xidmət edir.






