Niderland mənşəli müstəqil "Square Glade Games" studiyasının yeni avto-karvan simulyatoru olan "Outbound" gözlənilməz qalmaqalla üzləşib. "Steam" platformasında buraxılış zamanı oyun təxminən 500 rəy toplayaraq 71% müsbət reytinq əldə etmişdi. Lakin istifadəçilərdən birinin oyunu "həddindən artıq səthi" adlandırması və "puluna dəymədiyini" bildirməsi vəziyyəti dəyişib. Tərtibatçılar həmin istifadəçiyə pulun qaytarılmasını tələb etməyi məsləhət görüb və mənfi rəyin tamamilə silinməsini xahiş ediblər.
Bu təklifin ekran görüntüsü "Reddit" forumunda yayıldıqdan sonra istifadəçilər arasında ciddi narazılıq yaranıb və hadisə klassik "Streizand effekti"nə səbəb olub. Tərtibatçıların xahişi oyunçuları "Steam"-də "Outbound" haqqında daha çox mənfi rəy yazmağa təşviq edib. İzləyicilərin fikrincə, mənfi rəylər obyektiv səbəblərdən mövcuddur və şirkətlər alıcıları manipulyasiya edərək reytinqi süni şəkildə artırmağa çalışmamalıdırlar.
Artan tənqidlər qarşısında "Square Glade Games" auditoriya ilə ünsiyyət strategiyasına görə "səmimi qəlbdən üzr istədiyini" bəyan edib və bir daha belə xahişlər etməyəcəyinə söz verib. Qeyd edək ki, "Outbound" 11 may tarixində "PC" ("Steam", "EGS"), "Xbox Series X" və "Xbox Series S" üçün buraxılıb. 14 may tarixində isə oyunun "PS5", "Nintendo Switch" və "Switch 2" konsollarına gəlməsi planlaşdırılır. Layihə 13 may tarixində 1.0.5 yenilənməsini alıb.






