"Blizzard Entertainment" şirkətinin üzərində işlədiyi yeni açıq dünya "StarCraft" şuteri artıq ilkin konsepsiya mərhələsini keçib. Layihənin rəhbəri Den Hey bildirib ki, oyun hazırda tam oynanılabilir vəziyyətdədir və komanda artıq oyun dünyasını və personajları sınaqdan keçirə bilir.
Den Hey qeyd edib ki, bu, sadəcə kağız üzərində qalan bir layihə deyil: "Mən ofisə qayıdıb oyunu oynaya bilirəm. Personajlarla görüşə, dünyanı kəşf edə və hətta "Gauss" tüfəngi ilə düşmənlərə qarşı mübarizə apara bilirəm". O, oyunun "Blizzard"-ın 100% orijinal məhsulu olduğunu vurğulayaraq, kənar şirkətlərin layihəyə təsirini təkzib edib.
Oyun hansı xüsusiyyətlərə malik olacaq?
Gələcək "StarCraft" layihəsinin "servis oyunu" (game-as-a-service) olmayacağı bildirilir. Bunun əvəzinə, oyunçulara dəqiq başlanğıcı, inkişafı və sonu olan, ciddi süjet xəttinə və nəticələrə malik kosmik vestern janrında bir təcrübə təqdim ediləcək. Layihənin 2030-cu il üçün nəzərdə tutulan buraxılış tarixi komanda üçün əsas hədəf olaraq qalır.
Hazırda oyunun hansı platformalar üçün nəzərdə tutulduğu açıqlanmasa da, layihənin yalnız "Xbox" üçün eksklüziv olmayacağı dəqiqləşib. Komanda çoxsaylı unikal ideyaları reallaşdırmaq üçün vaxtı və resursları səmərəli idarə etməyə çalışır.






