“Bloomberg”in tanınmış reportyoru Ceyson Şrayer özünün “YouTube” kanalında “Star Wars: Knights of the Old Republic” oyununun remeyki ilə bağlı maraqlı detallar paylaşıb. “Aspyr Media” tərəfindən hazırlanan ilkin versiyanın uğursuzluğa düçar olmasının əsas səbəbi kimi layihənin vizyonunun qeyri-dəqiqliyi göstərilir. Komanda daxilində oyunun nə dərəcədə yenilənəcəyi — remeyk, yoxsa sadəcə remaster olacağı barədə ortaq məxrəcə gəlmək mümkün olmayıb.
Şrayer qeyd edir ki, rəhbərlik və işçilər arasında davamlı kommunikasiya problemləri və qəti qərarların verilməməsi gərginliyə səbəb olub. 2021-ci ilin sentyabrında anons edilən layihə, istehsal prosesindəki çətinliklər səbəbindən 2022-ci ilin yayında “Saber Interactive” şirkətinə ötürülüb. Hazırda oyunun üzərində “Saber”-in tərkibindəki serbiyalı “Mad Head Games” studiyası çalışır.
Oyunun gələcəyi ilə bağlı nə məlumdur?
“Saber Interactive”-in biznesin inkişafı üzrə direktoru Stiv Ellison iyul ayında oyunun 2028-ci ildə buraxıla biləcəyinə dair işarə vursa da, studiya sonradan bu açıqlamanın əhəmiyyətini azaldıb. Şayiələrə görə, remeykin yenidən təqdimatı 2026-cı ilə planlaşdırılır, lakin bu tarixin 2027-ci ilin əvvəlinə keçməsi də istisna edilmir. Bu təqdimatla birlikdə oyun üçün genişmiqyaslı marketinq kampaniyasının başlaması gözlənilir.






