İlon Mask tərəfindən qurulan və hələlik özəl olaraq fəaliyyət göstərən "SpaceX" şirkətinin ötən ilki maliyyə göstəriciləri məlum olub. "Reuters" agentliyinin "The Information" nəşrinə istinadən verdiyi məlumata görə, aerokosmik nəhəng ili 18,5 milyard ABŞ dolları gəlirlə bağlasa da, ümumi zərər 5 milyard ABŞ dolları təşkil edib. Şirkət ilkin kütləvi təklif (IPO) üçün artıq müraciət edib və bu prosesin cari ildə baş tutması gözlənilir.
Qeydə alınan böyük həcmli zərər birbaşa olaraq bu ilin fevralında "SpaceX" tərəfindən alınan "xAI" süni intellekt startapının fəaliyyəti ilə bağlıdır. Əgər bu birləşmə baş tutmasaydı, aerokosmik şirkət ötən ili mənfəətlə başa vuracaqdı. Belə ki, yanvar ayında yayılan hesabatlarda "SpaceX"in 2025-ci ildə təkbaşına 15-16 milyard ABŞ dolları gəlir və 8 milyard ABŞ dolları mənfəət əldə etdiyi bildirilirdi. Lakin "xAI" startapının alınması şirkəti zərər zonasına sürükləyib.
Bütün bunlara baxmayaraq, hər iki şirkətin rəhbəri olan İlon Mask üçün bu satınalma daha böyük strategiyanın bir hissəsidir. Milyarder "xAI" hesablama infrastrukturunu kosmosda inkişaf etdirməyi və "SpaceX" vasitəsilə məlumat mərkəzlərini orbitə çıxarmağı planlaşdırır. Bu qlobal inteqrasiya prosesinə "Tesla" şirkəti də cəlb olunub. Avtomobil istehsalçısı bu yaxınlarda "Intel" korporasiyasının da dəstəklədiyi "TeraFab" müştərək müəssisəsində süni intellekt startapı üçün xüsusi çiplər istehsal edəcək.
Cari ildə "SpaceX"in birjaya çıxması ilə şirkətin ümumi kapitallaşmasının 1,75 trilyon ABŞ dolları səviyyəsində qiymətləndiriləcəyi proqnozlaşdırılır. Bu addım investorlara şirkət daxilindəki maliyyə axınlarını daha şəffaf şəkildə izləməyə imkan verəcək.






