"SoundCloud" platforması musiqiçilərin öz yaradıcılıqlarını birbaşa pərəstişkarlarına satmasını təmin edən yeni beta funksiyanı işə salıb. İndiyədək dinləyicilər musiqi almaq üçün "Bandcamp" və ya "Beatport" kimi üçüncü tərəf platformalarına yönləndirilirdilər. İndi isə "SoundCloud" bu prosesi birbaşa öz ekosistemi daxilində həyata keçirməyi hədəfləyir.
Yeni funksiyanın ən böyük üstünlüyü ondan ibarətdir ki, "SoundCloud" satışlardan heç bir komissiya haqqı tutmur. Bu, əldə olunan gəlirin tamamilə ifaçıya çatması deməkdir. Müqayisə üçün qeyd edək ki, "Bandcamp" satışlardan 10-15 faiz, "Beatport" isə təxminən 50-65 faiz civarında komissiya çıxır.
Bu yenilik kimlər üçün əlçatandır?
Hazırda bu imkan yalnız ABŞ-da fəaliyyət göstərən 200 nəfər "Artist Pro" istifadəçisi üçün aktivdir. "SoundCloud" rəsmiləri bildirib ki, payız aylarında bu funksiyaya çıxış bütün uyğun yaradıcılar üçün genişləndiriləcək. Dinləyicilər musiqiləri ifaçının təqdim etdiyi formatda, məsələn, MP3 və ya WAV faylları şəklində əldə edə biləcəklər.
Platformanın statistikasına görə, hazırda 250 mindən çox ifaçı 2,4 milyondan artıq trekini xarici platformalara yönləndirib. Hər il yarım milyondan çox istifadəçi musiqi almaq üçün "SoundCloud"-dan kənar resurslara keçid edir. Bu addım "SoundCloud"-un sadəcə yayım platforması olmaqdan çıxıb, yaradıcıların öz pərəstişkarları ilə birbaşa əlaqə qurub qazanc əldə edə biləcəyi vahid mərkəzə çevrilmək strategiyasının bir hissəsidir.






