"PlayStation Studios" rəhbəri Hermen Hulst (Hermen Hulst), "Sony Interactive Entertainment" şirkətinin eksklüziv oyunların PC platformasına port edilməsi siyasətində dəyişiklik etdiyini təsdiqləyib. "Bloomberg" müxbiri Ceyson Şrayer (Jason Schreier) hələ ötən qış "Sony" şirkətinin ənənəvi təkoyunçulu konsol eksklüzivlərini PC-yə gətirməyi dayandıracağı barədə xəbərdarlıq etmişdi. 18 may tarixində keçirilən ümumi işçi yığıncağında bu məlumat rəsmən öz təsdiqini tapıb və şirkətin artıq "PlayStation" markasını məşhurlaşdıran süjetli blokbasterləri PC üçün buraxmayacağı elan edilib.
Buna baxmayaraq, "Sony" şirkətinin çoxoyunçulu layihələri, o cümlədən "Marathon" və "Marvel Tokon: Fighting Souls" PC platformasında yayımlanmağa davam edəcək. Həmçinin, kənar studiyalar tərəfindən hazırlanan "Death Stranding 2: On the Beach" və "Kena: Scars of Kosmora" kimi təkoyunçulu oyunların da PC versiyaları işıq üzü görəcək. Lakin "Bloomberg"-in məlumatına əsasən, əvvəlcə PC-yə port edilməsi planlaşdırılan "Saros" elmi-fantastik döyüş oyunu və açıq dünyalı "Ghost of Yotei" ekşenindən imtina edilib və hər iki oyun yalnız "PS5" eksklüzivi olaraq qalacaq.
"Sony"-nin daxili studiyaları tərəfindən hazırlanan və maraqla gözlənilən "Marvel’s Wolverine" ("Insomniac Games"), "Intergalactic: The Heretic Prophet" ("Naughty Dog") və "God of War Trilogy Remake" ("Santa Monica Studio") kimi süjetli oyunlar da yalnız konsol üçün əlçatan olacaq. "Bloomberg" mənbələrinin bildirdiyinə görə, şirkətin bu yeni kursu seçməsinə səbəb son vaxtlar PC platformasındakı buraxılışların qeyri-qənaətbəxş nəticələridir. Bundan əlavə, ən böyük hitlərin digər platformalara daşınmasının "PlayStation" konsol brendinə zərər verdiyi qənaətinə gəlinib.






