"Bloomberg" nəşrinin məlumatına görə, "Snap", "YouTube" və "TikTok" sosial media asılılığının dövlət məktəblərinə külli miqdarda maliyyə zərəri vurduğunu iddia edən ilk məhkəmə işini həll ediblər. Kentukki ştatının Breathitt dairəsinin məktəb rəhbərliyi tərəfindən qaldırılan iddiada bildirilir ki, sosial şəbəkələr tədris prosesini pozub və psixi sağlamlıq böhranı yaradaraq büdcəyə ağır zərbə vurub.
Razılaşmanın şərtləri hələlik açıqlanmayıb. Lakin "Meta" şirkəti eyni iddia üzrə hələ də məhkəmə qarşısındadır. Bu proses bütün ölkə üzrə qaldırılmış 1000-dən çox oxşar məhkəmə işi üçün həlledici göstərici hesab olunur.
Bundan əvvəl 19 yaşlı iddiaçının sosial media tətbiqlərinin asılılıq yaratması səbəbindən şəxsi zərər gördüyünü bildirdiyi başqa bir işdə "Snap" və "TikTok" razılığa gəlmişdi. Həmin vaxt "Google" və "Meta" razılaşmadan imtina edərək məhkəməyə getmiş və münsiflər heyəti iddiaçıya 6 milyon ABŞ dolları təzminat ödənilməsinə qərar vermişdi. Yaxın keçmişdə "Meta" həmçinin Nyu-Meksiko ştatının Baş prokuroru tərəfindən qaldırılan və 375 milyon ABŞ dolları dəyərində olan məhkəmə işini də uduzub.
Pul təzminatlarından əlavə, bir çox tərəflər, o cümlədən Nyu-Meksiko rəsmiləri, yetkinlik yaşına çatmayanlara vurulan zərəri məhdudlaşdırmaq üçün sosial media tətbiqlərində ciddi dəyişikliklərin edilməsini tələb edirlər. Vəkillərin sözlərinə görə, onların əsas diqqəti iddia qaldıran digər 1200 məktəb dairəsi üçün ədalətin bərpa olunmasına yönəlib.






