"The Elder Scrolls IV: Oblivion" oyununun qeyri-rəsmi remeyki olan "Skyblivion" layihəsinin 2026-cı ildə işıq üzü görməsi planlaşdırılır. Lakin ötən həftə "TESRenewal" komandasının müxtəlif şöbələr üçün "son və ən vacib komanda üzvlərini" axtardığını elan etməsi pərəstişkarlar arasında növbəti gecikmə narahatlığı yaradıb.
Komandanın rəhbəri Kayl Rebel (Kyle Rebel) "PC Gamer" nəşrinə verdiyi müsahibədə bu narahatlıqları aradan qaldırıb. O bildirib ki, yeni mütəxəssislər əsasən oyunun cilalanması üçün lazımdır:
"Bütün şöbələri qeyd etməyimizin səbəbi işlərin dayanması və ya kimsənin qalmaması deyil. Əksinə, yaxşı sürət yığmışıq və bunu qoruyub saxlamaq istəyirik."
İmperiya şəhəri və buraxılış tarixi
Rebelin sözlərinə görə, hazırda oyundakı bütün məkanların inkişafı başa çatıb. Komandanın "sonuncu böyük maneə" adlandırdığı İmperiya şəhəri (Imperial City) üzərindəki işlərdə də nəhayət ki, lazımi irəliləyiş əldə olunub. Rəhbər 2026-cı ilin sonunadək "Skyblivion" remeykinin buraxılacağına olduqca nikbin yanaşdığını qeyd edib.
O, həmçinin oyunçuları komandanın əməyini qiymətləndirməyə çağırıb:
"Entuziazmınızı necə ifadə etməyinizdən asılı olmayaraq, lütfən, görülən işə və onun arxasında duran insanlara dəyər verin. Bizim heç bir pis niyyətimiz yoxdur. Hər kəs layihəni ən qısa zamanda təqdim etmək üçün var gücü ilə çalışır."
"Skyblivion" haqqında qısa məlumat
Qeyd edək ki, "Skyblivion" üzərində işlər 2012-ci ildən başlasa da, tammiqyaslı istehsal mərhələsinə 2016-cı ildə keçilib. Modifikasiya tamamilə pulsuz olacaq, lakin onu oynamaq üçün istifadəçilərdən həm "Oblivion" (bütün əlavələrlə birlikdə), həm də "The Elder Scrolls V: Skyrim" (adi və ya "Special Edition") oyunlarının qanuni nüsxələri tələb ediləcək.






