"SK hynix" şirkəti "LPDDR5X" çipləri əsasında 192 GB həcmli "SOCAMM2" yaddaş modullarının kütləvi istehsalına başladığını açıqlayıb. Əvvəllər yalnız mobil cihazlar üçün nəzərdə tutulan bu yaddaş mikrosxemləri artıq server seqmentində də geniş tətbiq tapır. Xüsusilə "Nvidia Vera Rubin" nəslinə aid sistemlərin bazarda yayılması ilə bu meylin daha da güclənəcəyi gözlənilir.
Yeni yaddaş modulları altıncı nəsil litoqrafik normalara aid olan yeni 10 nanometrlik (1c) texnologiya əsasında istehsal edilir. Şirkətin məlumatına görə, "SOCAMM2" formatında olan bu yaddaş ənənəvi "RDIMM" modulları ilə müqayisədə iki dəfə daha yüksək ötürmə qabiliyyəti təmin edir. Bundan əlavə, yeni texnologiyanın enerji səmərəliliyi 75 % daha yüksəkdir.
"SOCAMM2" yaddaşı yüz milyardlarla parametrə malik böyük dil modellərindən istifadə edildiyi zaman həm süni intellektin təlimində, həm də nəticə çıxarılmasında (inferens) eyni dərəcədə effektiv işləyir. "LPDDR5X" çiplərinin istifadəsi enerji istehlakını əhəmiyyətli dərəcədə azaldır ki, bu da bütövlükdə hesablama infrastrukturunun istismar xərclərinə müsbət təsir göstərir. "SK hynix" artıq bulud xidməti provayderlərini böyük həcmdə bu modullarla təmin etməyə hazır olduğunu bildirib.
Qeyd etmək lazımdır ki, "SOCAMM2" yaddaşını dəstəkləyən yeganə platforma provayderi "Nvidia" olmayacaq. Gələn il "AMD" şirkətinin də bu modullarla uyğunluq təşkil edən "Verano" platformasını təqdim edəcəyi planlaşdırılır. Hazırda bazarda "SK hynix" ilə yanaşı, "Micron" və "Samsung Electronics" şirkətləri də analoji həcmə malik "SOCAMM2" modullarının tədarükünü həyata keçirir.






