"Microsoft" şirkətinin "Discord" ilə sirli tərəfdaşlıq anonsundan sonra yeni detallar məlum olub. "Discord Previews" tərəfindən aşkar edilən sızıntıya əsasən, "Discord Nitro" abunəliyinə daxil ediləcək yeni "Xbox Game Pass" "Starter Edition" paketi hazırlanır. Bu yeni abunəlik səviyyəsi istifadəçilərə həm oyun oynamaq, həm də əlavə üstünlüklər qazanmaq imkanı yaradacaq.
Məlumata görə, "Starter Edition" paketi istifadəçilərə 50-dən çox oyuna giriş imkanı verəcək. Bundan əlavə, ayda 10 saatlıq "Xbox Cloud Gaming" yayımı və oyun oynayarkən "Xbox Rewards" xalları qazanmaq funksiyası da paketə daxildir. Siyahıya hansı oyunların daxil olacağı tam dəqiqləşməsə də, sızdırılan görüntülərdə "Stardew Valley", "Grounded" və "Fallout 4" kimi populyar adlar yer alır.
Yeni abunəlik səviyyəsi yalnız "Microsoft" şirkətinin öz oyunları ilə məhdudlaşmayacaq. "Better xCloud" tərtibatçısı redphx bildirib ki, paketə bir çox üçüncü tərəf oyunları da daxil ediləcək. Qeyd edək ki, "Microsoft" hələ fevral ayından "Xbox Game Pass" abunəliklərini fərqli xidmətlərlə birləşdirməyi planlaşdırır. Hətta "Netflix" şirkətinin həm-baş direktoru Greg Peters ötən ay bənzər tərəfdaşlıq ideyalarını müzakirə etdiklərini vurğulayıb. Gələcəkdə "Netflix" tərəfindən də analoji paketin təqdim edilməsi gözlənilir.






