Süni intellekt məlumat mərkəzlərinin yüksək tələbatı səbəbindən yaranan qlobal RAM qıtlığı "Samsung" şirkətindəki işçi etirazları fonunda daha da dərinləşə bilər. "AP News" nəşrinin məlumatına görə, Cənubi Koreyanın Pxyontek şəhərindəki çip istehsalı müəssisəsinin qarşısında təxminən 40 000 həmkarlar ittifaqı üzvü etiraz aksiyası keçirib. İşçilər rəqib "SK Hynix" şirkəti ilə rəqabətədavamlı maaş, bonus məhdudiyyətlərinin ləğvi və baza əməkhaqqının artırılmasını tələb edirlər.
Rəhbərliklə razılaşma əldə olunmasa, həmkarlar ittifaqı 21 may tarixindən etibarən 18 günlük tətilə başlamağı planlaşdırır. "Reuters" agentliyinin hesabatına əsasən, cümə axşamı gecə növbəsində işçilərin etirazlara qatılması səbəbindən "Samsung" zavodlarında çip istehsalı 58 faiz, yaddaş çiplərinin istehsalı isə 18 faiz azalıb. Qeyd edək ki, Cənubi Koreyadakı "Samsung" işçilərinin 70 faizdən çoxu (90 000 nəfərdən artıq) həmkarlar ittifaqının üzvüdür.
Hazırda "Samsung" dünyanın ən böyük "DRAM" və "NAND" yaddaş istehsalçısıdır. Mütəxəssislər RAM qıtlığının 2030-cu ilə qədər davam edəcəyini proqnozlaşdırırlar. Bu vəziyyət artıq smartfonlar, "PS5" və "Raspberry Pi" kimi cihazların, eləcə də SSD disklərin qiymətini artırıb. Məsələn, əvvəllər təxminən 320 ABŞ dolları olan 4TB həcmli "Samsung 990 Pro SSD" modelinin qiyməti hazırda 1000 ABŞ dollarına yaxınlaşıb.






