"Phone Arena" nəşrinin məlumatına görə, "Samsung" şirkəti "Galaxy Z Flip 7", "Galaxy S25 FE" və "Galaxy S25 Edge" smartfonlarının qiymətlərini artırıb. Hər bir telefonun baza modelinin dəyəri sabit qalsa da, daha böyük yaddaş tutumu təklif edən versiyalar artıq 80 ABŞ dollarına qədər daha bahadır.
Qiymət artımı əsasən aşağıdakı modellərdə müşahidə olunur:
- "Galaxy Z Flip 7" (512GB): 1 219,99 ABŞ dollarından 1 299,99 ABŞ dollarına;
- "Galaxy S25 FE" (256GB): 709,99 ABŞ dollarından 749,99 ABŞ dollarına;
- "Galaxy S25 Edge" (512GB): 1 219,99 ABŞ dollarından 1 299,99 ABŞ dollarına yüksəlib.
Ötən həftə "Samsung" həmçinin "Galaxy Z Fold 7" modelinin qiymətini də qaldırıb. Cihazın 1TB versiyası 2 419 ABŞ dollarından 2 499 ABŞ dollarına, 512GB versiyası isə 2 119 ABŞ dollarından 2 199 ABŞ dollarına qalxıb. Lakin şirkətin qiymət artımları yalnız telefonlarla məhdudlaşmır. Yaddaş tutumundan asılı olmayaraq, planşet seriyasında da bahalaşma qeydə alınıb.
Məsələn, 128GB-lıq "Galaxy Tab S11" artıq 799,99 ABŞ dolları əvəzinə 899,99 ABŞ dollarına, 256GB-lıq "Galaxy Tab S11 Ultra" isə 1 199,99 ABŞ dollarından 1 299,99 ABŞ dollarına satılır. Eyni zamanda, "Galaxy Tab S10 FE" 499,99 ABŞ dollarından 549,99 ABŞ dollarına, büdcə dostu olan 128GB-lıq "Galaxy Tab A11 Plus" isə 249,99 ABŞ dollarından 299,99 ABŞ dollarına qədər bahalaşıb.
Qiymət artımının səbəbi nədir?
Bu dəyişikliklər SSD istehsalında istifadə olunan RAM və NAND fləş yaddaşlarının qiymətini artıran qlobal yaddaş qıtlığı fonunda baş verir. Qeyd edək ki, "Samsung" ötən həftə "Galaxy Book 6 Pro" və "Book 6 Ultra" noutbuklarının da qiymətlərini artırmışdı. Bazar ertəsi isə "Microsoft" şirkəti "Surface Pro" və "Surface Laptop" modellərinin qiymətlərini qaldıraraq bu tendensiyaya qoşulub.






