Cənubi Koreyanın texnologiya nəhəngi "Samsung", ənənəvi flaqman strategiyasında əhəmiyyətli dəyişiklik etməyə hazırlaşır. Koreyanın "ETNews" nəşrinin məlumatına görə, şirkət növbəti il "Galaxy S" seriyasına dördüncü cihazı – "Galaxy S27 Pro" modelini əlavə edəcək. Yeni smartfonun 6.47 düymlük OLED displeylə təchiz olunacağı bildirilir. Bu addım göstərir ki, istehsalçı artıq yalnız üç əsas modellə kifayətlənmək niyyətində deyil.
Xatırladaq ki, ötən il şirkət əsas seriyadan kənar, olduqca nazik dizayna malik "Galaxy S26 Edge" modelini təqdim etmişdi. Yüksək qiymət etiketi ilə diqqət çəkən bu cihaz, eynilə ilhamlandığı "Apple iPhone Air" kimi istifadəçilər arasında kifayət qədər populyarlıq qazana bilmədi. Adətən "Samsung" öz flaqman xəttində baza modeli, daha böyük "Plus" və ən üst seqmenti təmsil edən "Ultra" versiyalarını buraxırdı. Xüsusilə "Ultra" variantı həmişə daha bahalı olması və daha keyfiyyətli kameraları ilə seçilirdi.
Qeyri-rəsmi məlumatlar təsdiqini taparsa, bu, "Samsung"-un sınaqdan keçirilmiş üç cihazlıq xəttdən imtina edərək daha riskli bir yola qədəm qoyması deməkdir. Xüsusilə də yaddaş qıtlığı fonunda istehsal xərclərinin kəskin artdığı bir dövrdə belə bir qərarın verilməsi diqqət çəkir. "Galaxy S27 Pro" modelinin bazarda tam olaraq hansı mövqeni tutacağı hələlik naməlumdur. Cihazın baza və "Plus" versiyaları arasında aralıq model olacağı, yaxud "Ultra" xüsusiyyətlərini daha yığcam gövdədə təklif edəcəyi ehtimal olunur.






