"Samsung" şirkəti "Galaxy" smartfonları üçün həddindən artıq reklam göndərən tətbiqləri məhdudlaşdıran yeni funksiya əlavə edib. Bu yenilik ənənəvi reklam bloklayıcısı kimi fəaliyyət göstərmir. Əksinə, o, tez-tez promo-bildirişlər göndərən proqramları aşkarlayaraq fəaliyyətini dayandıran xüsusi bir tənzimləmədir.
Şirkətin rəsmi açıqlamasına görə, istifadəçilərin həddindən artıq narahat edilməsinin qarşısını almaq əsas hədəflərdən biridir. Bu məqsədlə, tez-tez reklam bildirişləri göndərən proqramlar avtomatik olaraq dərin yuxu (deep sleep) rejiminə keçiriləcək.
"Dərin yuxu rejiminə keçirilmiş tətbiqləri 'Tənzimləmələr > Cihaza qulluq > Qulluq hesabatı > Həddindən artıq bildirişlər' bölməsində tapmaq mümkündür"- deyə "Samsung" nümayəndələri bildirib.
Bloklama prosesi iki fərqli rejimdə həyata keçirilir. "Baza" variantında tətbiqlər "Samsung" məlumatları əsasında telefonda aşkar edildiyi an bloklanır. "İntellektual" rejim isə bildirişləri təhlil edərək, sistemin qərarına əsasən həddindən artıq reklam yayan proqramların fəaliyyətini məhdudlaşdırır.
"9to5google" nəşrinin məlumatına görə, bu funksiya hələlik "One UI 8.0" interfeysli "Galaxy Z Fold 7" modellərində mövcud deyil. Lakin yeniliyin artıq "Galaxy S26" cihazlarında peyda olmasını nəzərə alsaq, digər "Galaxy" smartfonlarının da bu imkanı yayımına başlanmış "One UI 8.5" yenilənməsi ilə əldə edəcəyi gözlənilir. Mənbə həmçinin bu funksiyanın "Samsung"un özündən gələn bildirişləri bloklayıb-bloklamayacağı sualını da gündəmə gətirib.






