"Samsung" və Cənubi Koreyanın "POSTECH" (Pohang Elm və Texnologiya Universiteti) alimləri birlikdə innovativ optik sistem hazırlayıblar. Bu yeni texnologiya ekranları 2D və 3D rejimləri arasında asanlıqla dəyişməyə imkan verir. Ən əsası isə, üçölçülü təsvirləri görmək üçün istifadəçilərin xüsusi eynək taxmasına ehtiyac qalmır. Ekranlar öz nazikliyini tam qoruyub saxlayır.
Mövcud 3D ekranların hansı çatışmazlıqları var?
Hazırda eynəksiz stereoskopik görüntü əldə etmək üçün əsasən işıq sahəsi texnologiyasına əsaslanan ekranlardan istifadə olunur. Lakin bu sistemlərin bir sıra ciddi qüsurları mövcuddur. Onlar çox böyük optikaya, təxminən 15° kimi dar baxış bucağına və aşağı təsvir ölçüsünə malikdirlər. Bundan əlavə, istifadəçinin baxış istiqamətini real vaxt rejimində izləmək tələb olunur ki, bu da prosesi xeyli çətinləşdirir.
Yeni texnologiya necə işləyir?
"Samsung" və "POSTECH" mütəxəssisləri bu problemləri həll etmək üçün fokus xüsusiyyətlərini dinamik şəkildə tənzimləyən metasəthli lentikulyar linza (MLL) təklif ediblər. 3D formatında görüntü yaratmaq üçün linza qabarıq rejimə keçir. Kitab oxumaq və ya veb-sörfinq kimi 2D məzmunlarla işləmək üçün isə o, çökük vəziyyətə gətirilir. Bu keçid ekranın önündə yerləşən nəzarətçinin işığın qütbləşməsini elektrik vasitəsilə dəyişdirməsi hesabına baş verir. Nəticədə, 2D təsvir paneldən birbaşa keçir, 3D rejimində isə linzalar sistemi dərinlikli işıq sahəsi formalaşdırır.
Kütləvi istehsal mümkündürmü?
Ənənəvi optik sistemlərdən fərqli olaraq, MLL cəmi 1,2 mm qalınlığa və 100° baxış bucağına malikdir. Tədqiqatçılar 50 × 50 mm (25 sm²) ölçüsündə metalinza hazırlayaraq onun işləkliyini mobil cihazlarda geniş istifadə olunan "OLED" paneli üzərində sübut ediblər. Nanoçap texnologiyası saniyədə yüzlərlə belə metalinza istehsal etməyə imkan verir.
Nümayişlər sübut edir ki, bu texnologiyanı yaxın gələcəkdə kütləvi istehsala buraxmaq tamamilə mümkündür. "Samsung" ümid edir ki, yeni kəşf sayəsində eynəksiz 3D texnologiyası smartfonlar, planşetlər və digər istehlak cihazlarında daha geniş tətbiq tapacaq.






