Rusiya bazarında "Apple" və "Samsung" şirkətlərinin premium smartfonlarının qiymətində ciddi eniş qeydə alınıb. Pərakəndə satıcılar 2025-ci ilin sonu və 2026-cı ilin əvvəlində tələbatı düzgün hesablamayaraq anbarları həddindən artıq doldurublar. Hazırda onlar yaranmış ehtiyat bolluğuna görə flaqman modellərini endirimlərlə satmağa məcburdurlar. Qiymətlərə təzyiq edən digər amillər isə rublun möhkəmlənməsi və ikinci rübdə bazarın ənənəvi mövsümi soyumasıdır.
Qiymətlər nə qədər aşağı düşüb?
2026-cı ilin əvvəlindən etibarən "iPhone 17" modeli 25-30%, daha köhnə "iPhone" modelləri isə 15-20% ucuzlaşıb. Ağıllı saatlar seqmentində də bənzər vəziyyətdir: "Apple Watch Series 11" 30-35%, "Ultra" modelləri isə 20-30% dəyər itirib. "Samsung" flaqmanlarında isə ucuzlaşma nisbətən azdır. Baza versiyalı "Galaxy S26" (12/256 GB) modelinin qiyməti 89 990 rus rublundan 84 990 rus rubluna düşüb. "Galaxy S26+" 5-10%, "Galaxy S26 Ultra" isə 15%-ə qədər ucuzlaşıb.
"Fplus" şirkətinin məlumatına görə, ilin əvvəli ilə müqayisədə "iPhone" və "Samsung" üzrə orta qiymət enişi 8-10% təşkil edib. "М.Видео" şəbəkəsindən bildirilib ki, əsas ucuzlaşma son iki ayın payına düşür. "Авито" platformasının telekommunikasiya və İT üzrə biznesin inkişafı rəhbəri Sergey Nogin qeyd edib ki, son bir ayda ən çox ucuzlaşan model 17% göstərici ilə "Galaxy A16 5G" olub. "Apple" smartfonları arasında isə "iPhone 15 Plus" 4%, "iPhone 15 Pro" isə 3% dəyər itirib.
Bazarın gələcək vəziyyəti necə olacaq?
Sergey Noginin proqnozuna əsasən, yaxın aylarda smartfon qiymətləri sabitləşəcək. Keçmiş nəsil modellər mövcud bazar qiyməti diapazonunda qalacaq, aktual flaqmanlar isə sabit istehlakçı aktivliyi hesabına tələbatı qoruyacaq. Lakin "diHouse" şirkətinin satış şöbəsinin rəhbəri Mariya Pantyuxina bildirib ki, 2026-cı ilin birinci rübündə smartfon satışları 2025-ci ilin eyni dövrü ilə müqayisədə təxminən 15% azalıb.
"Fplus" analitiklərinin fikrincə, satıcılar dondurulmuş vəsaitləri sərbəstləşdirmək üçün ehtiyatları endirimlə satmağa məcburdurlar. Boşa çıxan kapital əsasən Çin istehsalçılarının büdcə modelləri kimi daha çox tələb olunan məhsulların alınmasına yönəldiləcək. A-brend flaqmanlarının qiymətləri iyulun sonuna qədər enməyə davam edə bilər. Digər elektronika və məişət texnikası kateqoriyalarının dəyəri isə demək olar ki, dəyişməz qalıb.






