Rusiya bazarında Belarus istehsalı olan "General Electronics" televizorlarının satışı rəsmən başlayıb. Yeni cihazlar 24 ilə 55 düym arasında dəyişən ekran ölçülərinə malikdir. Alıcılar həm baza səviyyəli, həm də qabaqcıl texnologiyalarla təchiz edilmiş modellər arasından seçim edə bilərlər. Qiymətlər cihazın ölçüsündən, matrisa tipindən və proqram təminatından asılı olaraq 6 min rus rublu ilə 30 min rus rublu arasında dəyişir.
Təqdim edilən çeşiddə müxtəlif ekran texnologiyalarından istifadə olunub. Baza LED arxa işıqlandırmasına malik modellər sırasına GE24LHN0, GE32LFN0 və GE43LFN0 daxildir. Daha yüksək görüntü keyfiyyəti axtaranlar üçün isə GE50LQY2, GE55LUY2 və GE55LQY2 modelləri QLED matrisaları ilə təchiz edilib. Bu texnologiya geniş baxış bucağı altında belə rənglərin təhrif olunmadan daha parlaq, kontrastlı və dərin qara tonlarda göstərilməsini təmin edir.
Ağıllı televizorlar "Yandex" şirkətinin "YaOS" və "Sber" ekosisteminə aid "Salut TV" platformaları əsasında işləyir. "YaOS" sistemli cihazlar "Alisa" səsli köməkçisi, ağıllı ev idarəetməsi, "Kinopoisk" və "Yandex Music" xidmətlərinə çıxış imkanı yaradır. GE24LHS1p5, GE55LUS2 və GE55LQS2 modellərində quraşdırılmış "Salut TV" isə "GigaChat" asissenti, onlayn kinoteatrlarda sadələşdirilmiş axtarış və təhlükəsiz uşaq profili funksiyaları ilə diqqət çəkir.
Bütün modellər istifadəçilərin rahatlığı üçün müasir qoşulma imkanları ilə təmin edilib. Cihazlarda Dolby Digital həcmli səs dəstəyi, akustika üçün Bluetooth və xarici yaddaşdan MKV, MOV, MP4 formatlarını oxutmaq üçün USB portu mövcuddur. Qeyd etmək lazımdır ki, "General Electronics" markasının çeşidində HD və Full HD icazəli, lakin "Smart TV" funksiyası olmayan sadə modellər də yer alır.






