Rusiyada xarici messencerlərə olan maraq yüksək olaraq qalır, lakin 2026-cı ilin ikinci rübündə artım tempi birinci rüblə müqayisədə 50%-dən 26%-ə enib. MTS AdTech analitiklərinin məlumatına görə, əsas bazar payı hələ də "Max" və "Telegram"ın əlindədir, alternativ platformalar isə daha çox xaricdəki yaxınları ilə əlaqə saxlamaq istəyənlər tərəfindən istifadə olunur.
Hansı messencerlər daha çox populyarlıq qazanır?
Türk mənşəli "BiP" messenceri bazarda ən yüksək artım nümayiş etdirir. Aprel-iyul ayları arasında tətbiqin Rusiyadakı aylıq aktiv istifadəçi sayı 120% artaraq 4,3 milyon nəfərə çatıb. Müqayisə üçün qeyd edək ki, bir il əvvəl bu rəqəm cəmi 6,6 min nəfər idi. Cənubi Koreyanın "KakaoTalk" tətbiqi də 80% artımla 1,26 milyon istifadəçiyə çatıb.
Bununla yanaşı, "Imo" 12,2 milyon istifadəçi ilə bazarda liderliyini qorusa da, onun artım tempi cəmi 1% təşkil edib. Bloklanmış "SimpleX" və "Discord" tətbiqlərində isə müvafiq olaraq 41% və 8% azalma qeydə alınıb. Ekspertlər hesab edir ki, istifadəçilər alternativ tətbiqləri əsas ünsiyyət vasitəsi kimi deyil, daha çox sınaq və ya xarici əlaqələr üçün seçirlər.






