"Rockstar" şirkəti şənbə günü verdiyi açıqlamada üçüncü tərəf provayderinin sındırılması nəticəsində bəzi məlumatlarının ələ keçirildiyini təsdiqləyib. Kiberhücuma görə məsuliyyəti "ShinyHunters" haker qrupu öz üzərinə götürüb. Qrup iddia edir ki, xərclərin monitorinqi və analitika xidməti olan "Anodot" vasitəsilə şirkətin "Snowflake" bulud hostinqi instansiyalarına daxil ola bilib. Hakerlər 14 aprel tarixinədək fidyə ödənilməyəcəyi təqdirdə oğurlanmış məlumatları yayımlayacaqları ilə hədələyirlər.
"Kotaku" nəşrinə verilən rəsmi açıqlamada şirkət sızdırılan məlumatların miqyasının məhdud olduğunu vurğulayıb. Oyun nəhənginin nümayəndələri qeyd ediblər ki,
"bu hadisənin təşkilatımıza və ya oyunçularımıza heç bir təsiri yoxdur". Dəqiq hansı məlumatların təhlükəyə məruz qaldığı hələlik məlum olmasa da, hücumun oyunçu məlumatlarından çox korporativ faylları hədəf aldığı görünür. Sızdırılan paketə maliyyə qeydləri, marketinq məlumatları və ya "Sony" və "Microsoft" kimi şirkətlərlə olan müqavilələrin daxil olması ehtimal edilir.
Qeyd edək ki, bu, "Rockstar" şirkətinin məruz qaldığı ilk səs-küylü kiberhücum deyil. Daha əvvəl, 2022-ci ildə "Lapsus$" haker qrupu tərəfindən "GTA VI" oyununa aid çox sayda video material internetə sızdırılmışdı. Şirkət hazırkı vəziyyətlə bağlı əlavə təfərrüatları hələ ki, ictimaiyyətlə bölüşməyib.






