"Roblox" platforması öz veb-saytında və mobil tətbiqlərində diqqətçəkən dəyişiklik edir. 2021-ci ildə "Epic Games" və "Apple" arasındakı məhkəmə prosesi zamanı "oyun" sözünü "təcrübə" ilə əvəz edən şirkət, yenidən əvvəlki terminologiyaya qayıdır. "Roblox" sözçüsü Juliet Chaitin-Lefcourt "The Verge" nəşrinə bildirib ki, zamanla "təcrübə" sözünün valideynlər, yaşlı oyunçular və tərtibatçılar üçün o qədər də anlaşıqlı olmadığı məlum olub. Onun sözlərinə görə, "oyunlar" termini platformanın mahiyyətini və gələcək hədəflərini daha aydın əks etdirir.
"Apple" məhkəməsi niyə vacib idi?
"Epic Games" və "Apple" arasındakı məhkəmə çəkişməsinin əsas müzakirə mövzularından biri məhz oyunun tərifini müəyyənləşdirmək idi. "Roblox" bu məsələdə ortaq bir mövqedə qərarlaşıb: tətbiqin özü oyun olmasa da, istifadəçilərə digərlərinin qarşılıqlı əlaqədə ola biləcəyi oyuna bənzər mühitlər yaratmağa imkan verir. Məhkəmə zamanı "Apple" rəsmisi "Roblox" platformasının oyun kimi qəbul edilməməli olduğunu bildirmişdi. Bu, olduqca vacib bir məqam idi, çünki əks halda platforma iOS qaydalarına tabe olmalı və tətbiqin fəaliyyəti ciddi şəkildə çətinləşəcəkdi.
Metakainat (Metaverse) trendi sona çatır?
Məhkəmə davam etdikcə platforma özünü metakainat kimi təqdim etməyə çalışaraq "təcrübələr" termininə üstünlük verdi. Lakin bu gün sənayedə metakainat ritorikası xeyli səngiyib. Məsələn, əvvəllər "Facebook" kimi tanınan və bu vizyon uğrunda adını dəyişən "Meta" şirkəti müvafiq bölməsində ciddi ixtisarlar aparıb. Hazırda şirkət "Horizon Worlds" sosial platformasının diqqətini VR-dan mobil cihazlara yönəldir.
Platformada başqa hansı dəyişikliklər var?
"Roblox" hələlik "təcrübələr" sözündən tamamilə imtina etməyib və "App Store" təsvirində bu termin qalmaqdadır. Buna baxmayaraq, platformanın ana səhifəsində artıq "görkəmli oyunlar" bölməsi yer alır və tərtibatçılar üçün nəzərdə tutulan saytda "oyunlar" sözünə tez-tez rast gəlinir.
Bu, şirkətin son dövrlərdə etdiyi yeganə dil dəyişikliyi deyil. Belə ki, "Roblox" 2025-ci ildə "dostlar" sözünü "əlaqələr" ilə əvəz etsə də, artıq yenidən köhnə varianta qayıdıb.






