Fevral ayında təqdim edilən "Resident Evil Requiem" oyunu "The Mercenaries" rejimi olmadan işıq üzü görsə də, "Capcom" şirkətinin bu məşhur arkada rejimini geri qaytarmaq planları var. Rusiyalı datamayner Maks Sırkov (Syrkov və ya KickDemonAss kimi tanınır) oyun fayllarında bu rejimin mümkün gəlişinə dair sübutlar tapdığını bildirib.
Məlumata görə, əsas oyunda istifadə edilməyən bəzi musiqi kompozisiyaları döyüş ruhlu səslənməyə və taymer səslərinə malikdir. Xatırladaq ki, "The Mercenaries" rejimində oyunçular müxtəlif personajları idarə edərək vaxtla yarışır, düşmənləri məhv edir və xal toplayırlar. Analoji rejim əvvəllər "Resident Evil 4" və "Resident Evil Village" oyunlarına da buraxılışdan sonra əlavə edilmişdi.
2026-cı ilin may ayında "Capcom" tərəfindən oyuna yeni bonus mini-oyunun əlavə ediləcəyi gözlənilir və bunun məhz "The Mercenaries" olacağı ehtimal edilir. Qeyd edək ki, 27 fevralda fərdi kompüterlər ("Steam", "EGS"), "PS5", "Xbox Series X", "Xbox Series S" və "Nintendo Switch 2" üçün buraxılan oyun artıq 6 milyon nüsxə satılıb. "Steam" platformasında 96% müsbət rəy toplayan layihə üçün mart ayında foto rejim əlavə edilib və hazırda hekayə əlavəsi üzərində işlər davam edir.






