Yaponiyanın oyun nəhəngi "Capcom", yeni "Resident Evil Requiem" ekşn-horror oyununun misilsiz uğuru fonunda illik maliyyə proqnozlarını yuxarıya doğru dəyişib. Cəmi iki ay ərzində oyun 7 milyon nüsxə satılaraq franşiza üçün yeni bir rekord müəyyənləşdirib. Müqayisə üçün qeyd edək ki, əvvəlki rekordçu olan "Resident Evil 4" remeykinin bu göstəriciyə çatmağı üçün bir ildən çox vaxt tələb olunmuşdu.
"IGN" nəşrinin məlumatına görə, bu uğur şirkətin xalis gəlir və mənfəət gözləntilərini üstələməsinə səbəb olub. 1 aprel 2025-ci ildən 31 mart 2026-cı ilə qədər olan dövr üçün "Capcom" xalis gəlir proqnozunu 190 milyarddan 195,3 milyard yapon ieni səviyyəsinə qaldırıb. Əməliyyat mənfəətinin isə 73 milyard əvəzinə 75,2 milyard yapon ieni olacağı gözlənilir. Bu artıma həmçinin köhnə oyun kataloqunun və arkada avtomatları bölməsinin gözlənilməz uğuru da təsir göstərib.
Xatırladaq ki, "Resident Evil Requiem" rəsmi olaraq 27 fevral tarixində "PC" ("Steam", "EGS"), "PS5", "Xbox Series X", "Xbox Series S" və "Nintendo Switch 2" platformalarında işıq üzü görüb. Layihə həm tənqidçilər, həm də oyunçular tərəfindən rəğbətlə qarşılanıb. Belə ki, oyun "Metacritic" platformasında 89-93%, "Steam" mağazasında isə 96% müsbət rəy toplayıb.
Tərtibatçılar oyunu mütəmadi olaraq yeniləməyə davam edirlər. Mart ayında yayımlanan yenilənmə ilə oyuna foto-rejim əlavə edilib və personajların mimikaları təkmilləşdirilib. May ayında isə istifadəçilərə yeni bir mini-oyunun (ehtimal ki, "Muzdlular" arkada rejimi) təqdim olunacağı gözlənilir. Bundan əlavə, "Capcom" hazırda oyun üçün xüsusi bir süjet əlavəsi üzərində də çalışır.






