"Capcom" tərəfindən təqdim edilən "Resident Evil Requiem" ekşen-qorxu oyunu piratlar tərəfindən tam sındırılıb. Təxminən üç həftə ərzində hipervizor vasitəsilə qismən əlçatan olan bu layihə, 2026-cı ilin Denuvo müdafiəsi tamamilə qırılan ilk oyunu kimi tarixə düşüb. Bu uğurlu əməliyyat bir ay əvvəl "id Software" studiyasının "Doom: The Dark Ages" şuterini də sındıran "voices38" ləqəbli haker tərəfindən həyata keçirilib.
Hakerin sözlərinə görə, "Resident Evil Requiem" oyununun sındırılması təxminən iki həftə vaxt aparıb və indiyədək qarşılaşdığı ən çətin proses olub. Belə ki, bu oyunun müdafiə sistemi əvvəlki versiyalarla müqayisədə iki yeni funksiyaya malik idi. Bütün çətinliklərə baxmayaraq, "voices38" əmindir ki, 2025 və 2026-cı illərdə buraxılmış bütün Denuvo qorumalı oyunları sındırmaq mümkündür. "IGN" nəşrinin jurnalistləri isə qeyd edirlər ki, tam sındırılmış versiyalar istifadəçilərin fərdi kompüterləri üçün hipervizor metodundan daha təhlükəsizdir. Çünki hipervizor metodu kompüterin bir çox təhlükəsizlik sistemlərinin söndürülməsini tələb edir.
Qeyd edək ki, "Resident Evil Requiem" rəsmi olaraq 27 fevral tarixində fərdi kompüterlər ("Steam", "EGS"), "PS5", "Xbox Series X" və "Xbox Series S", həmçinin "Nintendo Switch 2" platformaları üçün işıq üzü görüb. Qısa müddət ərzində oyun 6 milyon nüsxə satış göstəricisinə çatıb. Hazırda tərtibatçılar layihə üçün yeni süjet əlavəsi üzərində işləyirlər.






