Kaliforniyada fəaliyyət göstərən “Reflect Orbital” şirkəti, günəş işığını gecə saatlarında Yer kürəsinin müəyyən nöqtələrinə yönəldəcək ilk kosmik güzgü texnologiyasını sınaqdan keçirməyə hazırlaşır. ABŞ Federal Rabitə Komissiyası (FCC) şirkətə bu ilin sonuna qədər aşağı Yer orbitində bir ədəd prototip peyk inşa etmək və idarə etmək üçün rəsmi icazə verib.
“Eärendil-1” adlandırılan peyk, 18 metr (59 fut) ölçüsündə olan xüsusi əks etdirici səth vasitəsilə günəş şüalarını Yerə istiqamətləndirəcək. Əgər sınaq uğurlu olarsa, şirkət 2035-ci ilə qədər 50 min peykdən ibarət bir şəbəkə yaratmağı planlaşdırır. Bu sistemin günəş enerjisi, kənd təsərrüfatı və fövqəladə hallar zamanı axtarış-xilasetmə əməliyyatları kimi sahələrdə geniş istifadə olunacağı gözlənilir.
Bu texnologiya hansı narahatlıqlara səbəb olur?
Layihəyə qarşı ciddi etirazlar da mövcuddur. “American Astronomical Society”, “DarkSky International” və “Royal Astronomical Society” kimi qurumlar da daxil olmaqla, ictimaiyyətdən 2 minə yaxın mənfi rəy daxil olub. Mütəxəssislər bu güzgülərin optik astronomiya üçün ciddi təhlükə yaratdığını, həmçinin vəhşi təbiətin təbii işıq dövranına və təyyarə pilotlarının təhlükəsizliyinə mənfi təsir göstərə biləcəyini vurğulayırlar.
“Optik astronomiya üçün bu, ekzistensial bir təhdiddir və ümid edirik ki, tənzimləyicilər də bu mövqeni bölüşəcəklər”, - deyə Avropa Cənub Rəsədxanasının (ESO) nümayəndəsi Betti Kioko bildirib.






