"Red Hat" şirkəti Çindəki inkişaf komandasını tamamilə ləğv edərək, bu ölkəni öz biznesi üçün prioritet hesab etməkdən imtina edib. "The Register" nəşrinin məlumatına görə, tərtibatçıların böyük əksəriyyəti artıq Hindistanda fəaliyyət göstərəcək. Çin mediası 300-500 nəfərin işdən çıxarıldığını bildirir. Şirkətin texniki direktoru Kris Rayt (Chris Wright) tərəfindən göndərilən daxili xidməti qeyddə kadr yatırımları üçün yeni strategiyanın hazırlandığı vurğulanıb.
Sızdırılan sənədlərə əsasən, "Red Hat" Asiya-Sakit okean regionunda (APAC) əsas mərkəz kimi Hindistanı seçib. Kris Raytın qeydində bildirilir ki, Çindən çıxış ümumi işçi sayının azalmasına səbəb olmayacaq. Dəyişikliklər barədə rəsmi ictimai açıqlama verilməyəcəyi üçün şirkətdən əlavə şərhlər gözlənilmir. Qeyd edək ki, "Red Hat" brendinin sahibi olan "IBM" şirkətinin Hindistanda ABŞ-dan daha çox – təxminən 264 min işçisi var və əvvəllər AIX əməliyyat sisteminin inkişafı da bu ölkəyə köçürülüb.
Şirkət nə üçün Çini tərk edir?
"Red Hat" şirkətinin bu qərarı ABŞ-ın milli təhlükəsizlik maraqları ilə əlaqələndirilir. Şirkət uzun illərdir ABŞ hərbi strukturları ilə sıx əməkdaşlıq edir və 2024-cü ildə Pentaqonun "Enterprise Software Initiative" proqramı çərçivəsində 848 milyon ABŞ dolları dəyərində müqavilə imzalayıb. Analoji addımı 2025-ci ildə "Microsoft" da ataraq Çini tərk etmişdi. Buna səbəb Pentaqonda "Azure" sisteminin tətbiqi üzərində çalışan proqramçıların illərlə Çin ərazisindən fəaliyyət göstərməsinin hərbi idarə tərəfindən "qəbuledilməz risk" adlandırılması idi.
Çin bazarı üçün hansı nəticələr gözlənilir?
Çin nəhəng proqram təminatı və İT bazarı olsa da, yerli hökumət şirkətləri daxili inkişafa sərmayə qoymağa çağırır. "Red Hat" kodlarının böyük hissəsi açıq mənbəli (open source) olduğu üçün şirkətin gedişi Çin strukturlarına ciddi zərər vurmayacaq. Üstəlik, şirkət ölkədə kommersiya məhsullarının satışını dayandırmaq niyyətində deyil.
Bununla belə, Çindəki istedadlı proqramçılardan məhrum olmaq "Red Hat" üçün müəyyən çətinliklər yarada bilər. Lakin "The Register" qeyd edir ki, bu itki Çinin unikal normativ-hüquqi bazasından və iri şirkətlərə Çin Kommunist Partiyası nümayəndələrini işə götürməyi tələb edən qaydalardan yaxa qurtarmaqla kompensasiya edilir.






