Tanınmış texnologiya bloqeri Jeff Geerling tərəfindən aşkar edilən bu məhdudiyyət, 2024-cü ilin sonlarında buraxılan proqram təminatı yeniləməsi ilə tətbiq olunub. Şirkət istifadəçilərin lövhə üzərindəki operativ yaddaş çiplərini müstəqil şəkildə dəyişdirməsinin qarşısını alıb. Bu qadağa, hətta orijinal və eyni tutumlu modulların quraşdırılması zamanı da keçərlidir.
Ekspertlər hesab edir ki, bu addım əsasən fırıldaqçılığın qarşısını almaq məqsədi daşıyır. Belə ki, bəzi şəxslər aşağı yaddaşa malik (1 və ya 2 GB) “Raspberry Pi 5” modellərini alaraq, onlara keyfiyyətsiz 8 GB-lıq çiplər lehimləyir və cihazı orijinal 8 GB-lıq model kimi satışa çıxarırdılar. “Raspberry Pi” şirkəti bu cür qeyri-qanuni modifikasiya edilmiş cihazların yaratdığı nasazlıqlar üçün məsuliyyət daşımaq istəmir.
Bu məhdudiyyəti aşmaq mümkündürmü?
Hazırda bu qadağanı aradan qaldırmağın sadə bir yolu yoxdur. İstifadəçilər yalnız 10 sentyabr 2024-cü il və daha əvvəlki tarixlərə aid proqram təminatı versiyalarından istifadə etməklə bu məhdudiyyətdən kənara çıxa bilərlər. Şirkət rəsmiləri rəsmi açıqlama verməsə də, forumlardakı müzakirələrdə mühəndislər qeyd edirlər ki, yaddaşın dəyişdirilməsi zamanı LPDDR çiplərinin tayminqlərinin düzgün tənzimlənməməsi ciddi sistem xətalarına səbəb olur.
Bir çox istifadəçi bu addımı şirkətin əsas fəlsəfəsi olan "eksperiment azadlığına" zidd hesab edir. Alternativ olaraq, “Raspberry Pi 3 B” modellərində olduğu kimi, zəmanət bitinin (warranty bit) istifadəsi təklif olunur. Bu üsulla istifadəçi müdaxilə etdiyi halda zəmanətdən imtina etdiyini təsdiqləyə bilərdi, lakin şirkət hazırda daha sərt proqram qadağalarına üstünlük verməyi seçib.






