"Tom’s Hardware" nəşrinin hesabatına görə, qlobal bazarda operativ yaddaş qiymətləri "RAM-apokalipsis" adlandırılan kritik həddə çatıb. Xüsusilə DDR5 yaddaş modulları üçün qiymətlər son 12 ayda 500%-ə yaxın bahalaşıb. Hazırda 128 GB-lıq DDR5 dəstinin qiyməti 3399 ABŞ dolları təşkil edir, 32 GB-lıq dəstlər isə əvvəlki 72 dollar əvəzinə 394 ABŞ dollarına satılır.
Bu bahalaşma təkcə yeni nəsil yaddaşlarla məhdudlaşmır. DDR5-in əlçatmazlığı səbəbindən istifadəçilərin DDR4 yaddaşlara yönəlməsi bu seqmentdə də qiymətləri 120-180% artırıb. Avropada vəziyyəti təhlil edən ComputerBase portalı, orta qiymət artımının 2025-ci ilin sentyabr ayı ilə müqayisədə 345% olduğunu bildirir. Həmçinin, SSD və sərt disklərin qiyməti də 125%-dən çox bahalaşıb.
Bu bahalaşmanın əsas səbəbi nədir?
Böhranın əsas səbəbi süni intellekt (AI) mərkəzlərinin yaddaş resurslarını kütləvi şəkildə monopoliyaya almasıdır. SK Hynix, Samsung, Micron və CXMT kimi nəhəng istehsalçılar, 2027-ci il üçün bütün istehsal güclərini yüksək gəlirli AI mərkəzlərinə yönəldiblər. Nəticədə, adi kompüter və smartfon istehsalçıları yaddaş çatışmazlığı ilə üzləşib.
Böhran nə vaxt bitəcək?
Sənaye rəhbərləri gələcəklə bağlı pessimist proqnozlar verirlər. SK Hynix-in baş direktoru Kvak No-cunq 2027-ci ilin yaddaş təchizatı baxımından tarixin ən çətin ili olacağını bildirib. ADATA şirkətinin rəhbəri Saymon Çen isə bu qlobal çatışmazlığın on ilə qədər davam edə biləcəyini ehtimal edir. Beləliklə, ucuz yaddaş dövrünün sona çatdığı və istehlakçıların yeni iqtisadi reallıqla barışmalı olduğu vurğulanır.






