"Apple" şirkətinin ilk qatlana bilən "iPhone" modelinin istehsalı ciddi mühəndislik maneələri ilə üzləşib. "Nikkei Asian Review" nəşrinin məlumatına görə, problem komponent çatışmazlığı ilə deyil, birbaşa texniki çətinliklərlə bağlıdır. Əgər aprelin sonu və ya mayın əvvəlinə qədər bu məsələlər həllini tapmasa, kütləvi istehsal prosesi aylarla təxirə salına bilər. Artıq bəzi təchizatçılara bu ehtimal barədə xəbərdarlıq edilib.
Vəziyyəti qəlizləşdirən əsas amil "Apple" şirkətinin klassik "iPhone" modellərinin buraxılışını 2027-ci ilin əvvəlinə ertələməsidir. Şirkət bütün diqqətini yeni flaqman modelinə yönəltsə də, qatlana bilən smartfonun bu ilin payızında işıq üzü görməməsi texnologiya nəhənginin nüfuzuna ciddi zərbə vura bilər. Hazırda sınaq mərhələsinin gözləniləndən daha çox vaxt tələb etdiyi bildirilir.
Qatlana bilən "iPhone" bazara nə vəd edir?
Hər yeni nəsil "iPhone" çoxmərhələli testlərdən keçir və bu prosesdə minlərlə sınaq nümunəsi hazırlanır. Şirkət bu il üçün 7-8 milyon ədəd qatlana bilən cihaz istehsal etməyi planlaşdırır. Bu rəqəm ümumi istehsalın 10 %-dən azını təşkil etsə də, sənayeyə təsiri nəhəng olacaq. Təchizatçılar yeni avadanlıq və materiallara keçid etməli olacaqlar ki, bu da gələcəkdə onlara daha çox gəlir qazandıracaq.
Rəqabət və bazarın mövcud vəziyyəti
"Apple" bu seqmentə daxil olmaqda geciksə də, onun gəlişi alıcı marağını kəskin artıracaq. Qeyd edək ki, "Huawei", "Samsung" və bir sıra Çin istehsalçıları hələ 2019-cu ildən etibarən qatlana bilən cihazları bazara çıxarırlar. "IDC" analitiklərinin proqnozlarına görə, bu il qatlana bilən smartfonlar bazarı 30 % böyüyəcək. Xatırladaq ki, ötən il bu göstərici 10 % artaraq 20,6 milyon ədədə çatmışdı.






