17 aprel tarixində işıq üzü görəcək "Pragmata" oyunu artıq qərb tənqidçilərinin ilk rəylərini alıb. "Capcom" tərəfindən hazırlanan elmi-fantastik ekşen "Metacritic" platformasında 130-dan çox baxış əsasında 85% (PS5, Xbox) və 90% (Switch 2) reytinq toplayıb. "OpenCritic" aqreqatorunda isə 89 rəy əsasında orta göstərici 87% təşkil edir və jurnalistlərin 94%-i oyunu tövsiyə edir.
Hadisələr yaxın gələcəkdə Ayda yerləşən tədqiqat stansiyasında cərəyan edir. Kosmonavt Hyu və android qız Diana kompleksi idarə edən və kontroldan çıxmış süni intellektə meydan oxumalı, daha sonra isə Yerə qayıtmalıdırlar. Tənqidçilər qeyd edirlər ki, oyundakı haker mini-oyunları prosesə mükəmməl uyğunlaşır və sona qədər oyunçunu yormur.
İcmalçılar elmi-fantastik mühitdən, Hyu və Diana arasındakı münasibətlərin inkişafından, döyüş və haker mexanikalarının vəhdətindən, həmçinin səviyyələrin dizaynından məmnun qalıblar. Lakin səthi hekayə xətti, süni intellekt mövzusunun tam açılmaması, zəif boss döyüşləri və aşağı çətinlik səviyyəsi oyunun əsas mənfi cəhətləri kimi göstərilib.
Təxminən 10 saatlıq oyun müddəti təklif edən "Pragmata", 2026-cı ilin standartlarına görə "Xbox 360" erasının ruhunda uğurlu bir xətti ekşen təsiri bağışlayır. Layihə PC ("Steam" platformasında 60 ABŞ dollarından başlayaraq), PS5, Xbox Series X və S, həmçinin Nintendo Switch 2 üçün əlçatan olacaq.






