Nyu-Yorkun Cənub Dairəsi üzrə ABŞ Prokurorluğu məxfi dövlət məlumatlarından şəxsi mənfəət üçün istifadə etməkdə təqsirləndirilən Gannon Ken Van Dyke adlı hərbçinin həbs olunduğunu açıqlayıb. İttihamnaməyə əsasən, o, Venesuela prezidenti Nicolas Maduro-nun ələ keçirilməsini hədəfləyən "Operation Absolute Resolve" əməliyyatının planlaşdırılması və icrasında birbaşa iştirak edib. Əməliyyatdan bir neçə gün əvvəl Van Dyke "Polymarket" platformasında 33 934 ABŞ dolları dəyərində mərc edərək, yekunda 409 881 ABŞ dolları gəlir əldə edib.
Mərclərlə bağlı xəbərlər mediada yayıldıqdan sonra təqsirləndirilən şəxs izini itirməyə cəhd göstərib. Belə ki, 6 yanvar 2026-cı il tarixində o, elektron poçt ünvanına girişini itirdiyini yalandan iddia edərək "Polymarket"dən hesabının silinməsini tələb edib. Elə həmin gün hərbçi kriptovalyuta birjasındakı hesabına bağlı olan e-poçt ünvanını 14 dekabr 2025-ci il tarixində yaradılmış və öz adına olmayan başqa bir ünvanla əvəzləyib.
ABŞ prokuroru Jay Clayton mətbuata açıqlamasında bildirib:
"Proqnoz bazarları mənimsənilmiş məxfi və ya gizli məlumatlardan şəxsi mənfəət üçün istifadə etmək məqsədilə sığınacaq yeri deyil."Hazırda Gannon Ken Van Dyke beş maddə üzrə ittiham olunur. Bunlara Əmtəə Birjası Qanununun pozulması və maksimum 20 il həbs cəzası nəzərdə tutan elektron dələduzluq, həmçinin 10 ilədək həbslə cəzalandırıla bilən qanunsuz pul əməliyyatı daxildir.






