“Philips” şirkətinin yeni “Next-Generation DiamondClean 9900 Prestige” smart diş fırçası artıq Avropa və ABŞ-da istehlakçıların istifadəsinə verilib. İlkin olaraq iyul ayında elan edilən məhsulun 2027-ci ildə dünya üzrə daha geniş bazarlara çıxarılması planlaşdırılır. Yeni model 379,99 ABŞ dolları qiyməti ilə satışa çıxarılıb ki, bu da əvvəlki versiyanın 429,99 ABŞ dolları olan qiymətindən daha münasibdir.
Bu smart diş fırçası necə işləyir?
Cihazın üzərində yerləşdirilmiş toxunuşlu ekran istifadəçilərə səkkiz müxtəlif təmizləmə rejimi və üç intensivlik səviyyəsi arasında seçim etməyə imkan verir. Ekran həmçinin “12-segment mouth map” (ağız xəritəsi) vasitəsilə dişlərin təmizlənmə vəziyyətini real vaxt rejimində göstərir. Hərəkət sensorları dişlərin effektiv təmizlənib-təmizlənmədiyini müəyyən edir və lazım gəldikdə təkrar fırçalama üçün bələdçilik edir.
Süni intellekt və təhlükəsizlik funksiyaları
Yeni model üçüncü nəsil süni intellekt modeli və “SenseIQ” texnologiyası ilə təchiz olunub. Cihazın əsasında yerləşən rəng dəyişən işıq halqası istifadəçiyə dişlərini çox bərk fırçaladığı zaman xəbərdarlıq edir. Bundan əlavə, “DiamondClean 9900” dişlərin təhlükəsiz və effektiv təmizlənməsini təmin etmək üçün fırçalama texnikasına uyğun olaraq vibrasiya intensivliyini avtomatik tənzimləyə bilir.






