"WhatsApp" messencerinin sahibi olan "Meta" şirkəti istifadəçilərin məxfiliyinin pozulması ilə bağlı kütləvi məhkəmə iddiası ilə üzləşib. Bu fonda "Telegram"ın yaradıcısı Pavel Durov rəqib platformanı sərt tənqid edərək, vəziyyəti "istifadəçilərin kütləvi şəkildə aldadılması" adlandırıb. O, "WhatsApp"da məlumatların şifrələnməsi ilə bağlı əsas problemləri detallı şəkildə ictimaiyyətə açıqlayıb.
"WhatsApp" mesajları harada və necə saxlanılır?
Pavel Durovun sözlərinə görə, "WhatsApp" mesajlarının ehtiyat nüsxələri "Apple" və "Google" serverlərində heç bir şifrələnmə olmadan, adi mətn formatında saxlanılır. O qeyd edib ki, ehtiyat nüsxələr nəzərə alındıqda, bütün şəxsi mesajların təxminən 95%-i məhz bu cür qorunmasız formada qalır. Bu isə istifadəçi məxfiliyinin birbaşa pozulması deməkdir.
Şifrələmə funksiyası niyə tam işləmir?
"Ehtiyat nüsxələrin şifrələnməsi məcburi deyil və çox az adam bu funksiyanı aktivləşdirir. Hətta siz öz nüsxələrinizi güclü parol ilə şifrələsəniz belə, mesajlarınız yenə də şifrələnməmiş bulud yaddaşlarında olacaq. Çünki yazışdığınız insanların 90%-dən çoxu bunu etməyib", - deyə Pavel Durov vurğulayıb. O həmçinin əlavə edib ki, "WhatsApp" istifadəçilərin kiminlə əlaqə saxladığı barədə məlumatları özündə saxlayır və bu vəziyyəti "dəhşətli" adlandırıb.
İstifadəçi təhlükəsizliyi üçün hansı risklər var?
Təhlükəsizlik və istifadə rahatlığı arasında balans tapmaq olduqca çətin məsələdir. Pavel Durov bildirib ki, bir çox tərtibatçılar məhz bu səbəbdən "xoşagəlməz kompromislərə" getmək məcburiyyətində qalırlar. O, "WhatsApp"ın öz xidmətində şifrələmədən istifadə etməsi ilə bağlı bəyanatlarını "istehlakçıların aldadılmasının ən böyük halı" kimi qiymətləndirib. Biznes hesablarında isə mesajlar korporativ istifadəçinin seçdiyi infrastrukturda emal edilir və şifrələmə öhdəliyi həmin infrastruktur sahibinin üzərinə düşür.
"WhatsApp" rəhbərliyi ittihamlara necə cavab verdi?
Məlum olduğu kimi, "WhatsApp" 2016-cı ilin aprel ayında zənglər və qrup çatları üçün ucdan-uca şifrələməni tətbiq edib. Pavel Durovun ittihamlarına cavab olaraq, "WhatsApp" nümayəndələri messencerin ehtiyat nüsxələr üçün də ucdan-uca şifrələmə təklif etdiyini bildiriblər. Lakin şirkət bu nüsxələrin konkret hansı hissəsinin şifrələmə ilə əhatə olunduğunu dəqiqləşdirməkdən imtina edib.






