Niderlandın "Square Glade Games" studiyası tərəfindən hazırlanan "Outbound" oyununun çıxış tarixində dəyişiklik edilib. Əvvəlcə 14 may tarixində təqdim edilməsi planlaşdırılan layihə, "Unknown Worlds Entertainment" tərəfindən hazırlanan "Subnautica 2" oyununun erkən giriş (early access) buraxılışı ilə eyni günə təsadüf etdiyi üçün qrafikini yeniləyib. Yeni plana əsasən, "Outbound" oyunu "PC" ("Steam", "EGS"), "Xbox Series X" və "S" konsolları üçün 11 may tarixində əlçatan olacaq. Lakin "PS5", "Nintendo Switch" və "Switch 2" istifadəçiləri üçün əvvəlcədən təyin olunmuş 14 may tarixi qüvvədə qalır.
Tərtibatçılar bu qərarı rəqabət mühitini nəzərə alaraq qəbul etdiklərini bildiriblər. Studiyanın rəsmi açıqlamasında qeyd olunur:
"Hər nə qədər biz də bu oyunu gözləsək və franşizanı sevsək də, belə çox gözlənilən bir relizlə eyni gündə rəqabət aparmaq ən yaxşı fikir deyil. Bizim Leviafandan qaçmağımız lazımdır, beləliklə siz də öz səyahətinizə daha tez başlaya biləcəksiniz!"Bu addım, kiçik büdcəli müstəqil (indie) oyunların böyük layihələrin kölgəsində qalmamaq üçün atdığı strateji gediş kimi qiymətləndirilir.
Tərtibatçıların narahatlığı tamamilə əsaslıdır. Ətrafında yaranmış məhkəmə dramına baxmayaraq, hazırda "Subnautica 2" "Steam" platformasında ən çox arzulanan oyunlar siyahısında birincidir. Eyni reytinq cədvəlində "Outbound" isə 13-cü pillədə qərarlaşıb. Bu göstəricilər hər iki layihəyə olan yüksək marağı əks etdirsə də, birbaşa rəqabətin kiçik studiya üçün riskli ola biləcəyini təsdiqləyir.
Qeyd edək ki, "Outbound" təkbaşına və ya dörd nəfərlik kooperativ rejimdə oynanıla bilən təkərli ev (karvan) simulyatorudur. Oyunçular yaxın gələcəyin utopik mühitində öz karvanlarını inşa edəcək, onu təkmilləşdirəcək və bəzəyəcəklər. Layihədə günəş, külək və su kimi ekoloji təmiz enerji mənbələrindən istifadə, məhsul yetişdirmək və fərdi iş stansiyaları yaratmaq mümkündür. Bundan əlavə, istifadəçilərə geniş fərdiləşdirmə imkanları və səyahət yoldaşı kimi bir it təqdim olunacaq.






