"Bloomberg" nəşrinin məlumatına görə, "OpenAI" şirkəti Böyük Britaniyanın suveren hesablama imkanlarını genişləndirmək məqsədi daşıyan və "NVIDIA" ilə birgə icra edilən "Stargate UK" layihəsinin icrasını dayandırıb. Şirkət bu təşəbbüsü sentyabr ayında elan etsə də, hökumətlə strateji tərəfdaşlıq daha əvvəl başlamışdı. Layihə hökumətə qabaqcıl süni intellekt modellərini yerli məlumat mərkəzlərində işlətməyə imkan verməli idi.
"OpenAI" nümayəndələri layihənin xüsusilə yurisdiksiyanın vacib olduğu xüsusi istifadə halları üçün nəzərdə tutulduğunu bildirmişdilər. Lakin hazırda yüksək enerji xərcləri və tənzimləyici məsələlər səbəbindən proses dondurulub. Şirkət nəşrə verdiyi açıqlamada Böyük Britaniyanın süni intellekt gələcəyi üçün böyük potensial gördüyünü vurğulayıb:
"Süni intellekt hesablamaları bu məqsədin əsasını təşkil edir. Biz "Stargate UK" layihəsini araşdırmağa davam edirik və tənzimləmə, eləcə də enerji xərcləri kimi şərtlər uzunmüddətli infrastruktur investisiyalarına imkan verdikdə irəliləyəcəyik."
Qeyd edək ki, "Stargate UK" elan edilərkən "OpenAI" oxşar təklifi suveren süni intellekt imkanlarını genişləndirmək istəyən digər ölkələrə də edəcəyini bildirmişdi. Bu planların mövcud vəziyyətdən təsirlənib-təsirlənmədiyi hələlik məlum deyil. Lakin "OpenAI for Countries" təşəbbüsü çərçivəsində Avstraliya, Yunanıstan, BƏƏ, Slovakiya, Qazaxıstan və digər regionlarla da əməkdaşlıq davam edir.






