"OpenAI" şirkəti kibertəhlükəsizlik sahəsində yeni "GPT-5.5-Cyber" modelini təqdim etməyə hazırlaşır. Şirkətin baş direktoru Sem Altman qeyd edib ki, bu süni intellekt aləti kütləvi istifadəyə verilməyəcək. Əvəzində, o, qurumların kiber müdafiəsini gücləndirmək məqsədilə yalnız seçilmiş və etibarlı kibermüdafiəçilər qrupuna təqdim olunacaq.
"X" platformasında edilən paylaşıma görə, məhdud buraxılış yaxın bir neçə gün ərzində baş tutacaq. Sem Altman bildirib:
"Biz 'Cyber' üçün etibarlı giriş imkanlarını müəyyənləşdirmək məqsədilə bütün ekosistem və hökumətlə birlikdə çalışacağıq."Hələlik modelin texniki xüsusiyyətləri barədə rəsmi məlumat verilməsə də, bu, şirkətin ən ağıllı və intuitiv modeli adlandırdığı "GPT-5.5" versiyasının ixtisaslaşdırılmış formasıdır.
Süni intellekt sənayesində güclü modellərin potensial təhlükələrinə görə ictimaiyyətdən gizli saxlanılması meyli getdikcə artır. "OpenAI" daha əvvəl biologiya tədqiqatları üçün nəzərdə tutulan "GPT-Rosalind" modelində də bənzər strategiya tətbiq etmişdi. Eyni zamanda, bu ay "Anthropic" şirkəti də "Claude Mythos" modeli ilə analoji addım atsa da, onun təhlükəsiz buraxılış prosesində ciddi uğursuzluqlarla üzləşmişdi.
"The Wall Street Journal" nəşrinin məlumatına görə, Ağ Ev "Anthropic" ilə Pentaqon arasındakı gərginliyə baxmayaraq, "Claude Mythos" modelinin buraxılışını diqqətlə izləyir. Hökumət rəsmiləri bu cür qabaqcıl sistemlərə geniş girişin verilməsinə qarşı çıxırlar. Onlar həm kiber risklərin artmasından, həm də yüksək tələbatın dövlətin bu sistemlərdən istifadə imkanlarını məhdudlaşdıracağından narahatdırlar.






