Rusiyanın ofis proqram təminatı bazarının əsas oyunçularından olan “МойОфис” (ООО «Новые облачные технологии») şirkəti ciddi maliyyə çətinlikləri fonunda fəaliyyətini optimallaşdırır. Şirkət Sankt-Peterburq və İnnopolisdəki ofislərini bağlayaraq, qalan əməkdaşlarını Moskvanın “Олимпия Парк” biznes mərkəzində yerləşən əsas səhmdarı – “Лаборатория Касперского” şirkətinin ofisinə köçürüb.
İşçi heyətində kəskin azalma
Şirkətdə aparılan kütləvi ixtisarlar rəqəmlərdə özünü aydın göstərir. Belə ki, 2026-cı ilin mart ayında 1073 nəfər olan işçi heyəti, avqust ayına qədər 250-270 nəfərə qədər azalıb. Şirkətin təsisçisi Dmitri Komissarov bildirib ki, Sankt-Peterburq ofisində 200-300, İnnopolisdə isə təxminən 20 nəfər çalışırdı. Mütəxəssislərin fikrincə, ofislərin bağlanması əsas proqram təminatı işlərinin dayandırılmasına və ya bu kompetensiyaların “Лаборатория Касперского”-ya keçməsinə səbəb olub.
Maliyyə vəziyyəti və gələcək perspektivlər
2025-ci ilin hesabatına görə, şirkətin gəliri illik müqayisədə 50% azalaraq 1 milyard rus rublu təşkil edib, xalis zərər isə 7 dəfə artaraq 8,82 milyard rus rublu olub. Eyni zamanda, “Лаборатория Касперского” qarşısında olan borc öhdəlikləri 34% artaraq 24,96 milyard rus rublu səviyyəsinə çatıb. Şirkət rəhbərliyi Mailion, “МойОфис Почта”, Squadus və “Документы онлайн” kimi məhsulların hazırlanmasını dayandırdığını açıqlayıb.
“Biznesin restrukturizasiyası şirkətin maliyyə dayanıqlığını təmin etmək və ən perspektivli istiqamətlərə fokuslanmaq üçün həyata keçirilir”, — deyə “Лаборатория Касперского”-nın nümayəndəsi bildirib.
Hazırda “МойОфис” öz fəaliyyətini “aşağı templə” davam etdirir. Yevgeni Kasperski şirkəti zərərli aktiv kimi qiymətləndirsə də, məhsulların dəstəyinin və inkişafının məhdud həcmdə davam etdiriləcəyini vurğulayıb.






