"Bethesda Game Studios" tərəfindən hazırlanan məşhur "The Elder Scrolls IV: Oblivion Remastered" rol oyununun yenilənmiş versiyasının təqdimatından artıq bir il ötür. Lakin istifadəçilər hələ də layihə üçün yeni yamaqların (patch) çıxmasını gözləyirlər. Oyun ilkin olaraq optimizasiya edilməmiş formada istifadəyə verilmişdi və iyul ayında təqdim edilən sonuncu 1.2 yenilənməsi də mövcud vəziyyəti düzəldə bilməyib.
"Digital Foundry" nəşrinin ekspertləri bir il sonra oyunun texniki vəziyyətini yenidən qiymətləndirərək məyusedici nəticələrə gəliblər. Orijinal oyunun arxitekturasının "Unreal Engine 5" mühərrikinə inteqrasiya edilməsi prosessor və videokartı həddindən artıq yükləyir ki, bu da kadrların verilməsində ciddi qeyri-stabillik yaradır.
"Baxımsızlıq o deməkdir ki, donmalara, sistemdən atılmalara və digər ciddi texniki problemlərə qarşı həssaslığınızdan asılı olaraq, oyun qıcıqlandırıcıdan tutmuş demək olar ki, oynanılmaz vəziyyətə qədər dəyişir,"- deyə mütəxəssislər vurğulayıblar.
Fevral ayında "Nintendo Switch 2" üçün anons edilən versiya ekspertlərdə digər platformalar üçün də yeni yenilənmənin çıxacağına dair ümid yaradır və bu portun 2026-cı ildə buraxılması gözlənilir. Qeyd edək ki, "The Elder Scrolls IV: Oblivion Remastered" 22 aprel 2025-ci ildə "PC" ("Steam", "Microsoft Store"), "PS5", "Xbox Series X", "Xbox Series S" və "Game Pass" üçün təqdim edilib. Bütün texniki qüsurlara baxmayaraq, yenidən işlənmiş versiyanın auditoriyası 9 milyon nəfəri ötüb.






