"NZXT" və onun biznes tərəfdaşı olan "Fragile" şirkətləri, "Flex" fərdi kompyuter icarəsi xidməti ilə bağlı qaldırılmış kollektiv məhkəmə iddiasını həll etmək üçün 3,45 milyon ABŞ dolları ödəməyə razılaşıblar. 7 aprel tarixində Kaliforniya Dairə Məhkəməsinə təqdim edilən ilkin razılaşma, şirkətlərin aldadıcı marketinq və aqressiv borc yığımı vasitəsilə 19 322 müştərini dolandırması iddialarına son qoymağı hədəfləyir.
Məhkəmə razılaşması barədə məlumatı "YouTube" platformasında "Gamers Nexus" kanalının aparıcısı Stiv Berk paylaşıb. Qeyd edək ki, məhkəmə sənədlərində məhz bu kanalın apardığı araşdırmalara geniş yer verilib. İttihamlara görə, "Flex" proqramı müştəriləri texniki göstəricilər və qiymətlər barədə çaşdırmaq üçün "yemləmə və dəyişdirmə" taktikalarından istifadə edən bir fırıldaq olub.
"Flex" xidmətinin şərtləri necə dəyişəcək?
"NZXT" tərəfindən oyun kompyuterlərinin alınmasına çevik alternativ kimi təqdim edilən "Flex" abunəliyinin aylıq qiyməti 69 ABŞ dolları məbləğindən başlayır. Yeni razılaşmaya əsasən, şirkət bu xidmətin "icarəyə götür və sahib ol" proqramı olmadığını açıq şəkildə bəyan etməlidir. Əvvəllər bəzi influserlər reklamlarında məhz bu cür yanlış təəssürat yaratmışdılar. Yekun məhkəmə təsdiqinin sentyabr ayında verilməsi gözlənilir.
Təzminat kimlərə və necə ödəniləcək?
Razılaşma çərçivəsində, ödənişləri 90 gündən çox gecikdirən və hazırda kollektorların təqibinə məruz qalan müştərilər üçün 5 min ABŞ dolları məbləğinədək borc bağışlanması nəzərdə tutulur. Eyni zamanda, proqrama iki il və ya daha çox müddət ərzində ödəniş etmiş istifadəçilər üçün 1,2 milyon ABŞ dolları dəyərində xüsusi fond ayrılıb. Bu şəxslərə icarəyə götürdükləri kompyuterlərə tam sahiblik hüququ veriləcək.
Kompyuterləri qaytaran və heç bir borcu olmayan müştərilər də nağd ödəniş ala biləcəklər. Məhkəmə sənədlərinə görə, bu məbləğ təsdiqlənmiş müraciətlərin sayından asılı olacaq. 19 oktyabr 2023-cü il və 30 mart 2026-cı il tarixləri arasında "Flex" xidmətinə abunə olmuş şəxslər təzminat üçün müraciət edə bilərlər. İddiaların qəbulu portalının təxminən 28 aprel tarixində açılması planlaşdırılır.





