Nyu-York şəhərinin meri Zohran Mamdani ictimaiyyətlə əlaqələri gücləndirmək məqsədilə "Twitch" platformasında yeni canlı yayım seriyasına başlayır. "Polygon" nəşrinin məlumatına görə, "Talk with the People" adlanan bu layihə çərçivəsində mer izləyicilərin çat vasitəsilə ünvanladığı sualları cavablandıracaq. İlk yayım Şərq vaxtı ilə saat 16:00-da baş tutacaq.
Merin sözlərinə görə, bu təşəbbüs hökumətlə xalq arasında birbaşa dialoq yaratmaq məqsədi daşıyır.
"Biz Bələdiyyə Binasını nyu-yorkluların artıq istifadə etdiyi platformalara gətiririk. Seçilmiş rəsmi şəxs tərəfindən aparılan və ölkədə ilk dəfə təşkil olunan bu çarpaz platformalı canlı yayım vasitəsilə biz hökumətlə xalq, xüsusən də uzun müddətdir diqqətdən kənarda qalan gənc nəsillər arasında birbaşa ünsiyyət xətti açırıq,"- deyə Zohran Mamdani qeyd edib.
Layihənin mütəmadi xarakter daşıyacağı bildirilsə də, yayımların hansı tezliklə baş tutacağı və nə qədər davam edəcəyi hələlik məlum deyil. "Talk to the People" layihəsi "Twitch" ilə yanaşı, "YouTube", "TikTok", "Instagram", "Facebook", "X" və "Bluesky" platformalarında da sinxron yayımlanacaq. Lakin suallar yalnız "Twitch" çatından qəbul ediləcək. Siyasətçilərin bu platformaya qoşulması ilk olmasa da, Zohran Mamdaninin debüt yayımının Alexandria Ocasio-Cortezin göstəriciləri ilə necə rəqabət aparacağı maraqla gözlənilir.






