"Nvidia" şirkəti may ayı üçün yayımladığı təhlükəsizlik bülletenində qrafik kart sürücülərində və vGPU proqram təminatında yeddi yeni boşluğun olduğunu elan edib. Orta və yüksək təhlükə dərəcəsinə malik olan bu zəifliklər sistemdəki məlumatların dəyişdirilməsinə və kənar kodların icra edilməsinə yol aça bilər. Təhlükəsizlik problemi "Windows" və "Linux" əməliyyat sistemlərində çalışan "GeForce", "RTX", "Quadro", "Tesla" və "NVS" seriyalı videokartların istifadəçilərini əhatə edir.
Mövcud riskləri aradan qaldırmaq üçün "Nvidia" istifadəçilərə sürücüləri ən son versiyaya qədər yeniləməyi tövsiyə edir. Xüsusilə "Windows" istifadəçiləri üçün qeyd olunur ki, bütün bu təhlükəsizlik boşluqları 596.36 və daha yeni versiyalarda tamamilə aradan qaldırılıb. Hazırda ictimaiyyətə təqdim edilən ən sonuncu sürücü versiyası isə 12 may tarixində buraxılmış "GeForce Game Ready 596.49" versiyasıdır.
"Nvidia bu bülletendə təsvir olunan problemləri həll etmək məqsədilə qrafik kart sürücüləri üçün təhlükəsizlik yenilənməsi buraxıb. Sisteminizi qorumaq üçün sürücü yükləmə səhifəsi vasitəsilə proqram təminatı yenilənməsini endirin və quraşdırın. vGPU və 'Cloud Gaming' proqram təminatı yenilənmələri üçün isə 'Nvidia' lisenziyalaşdırma portalından istifadə edin", - deyə şirkətin rəsmi açıqlamasında bildirilir.






