"Nvidia"-nın təsisçisi və baş direktoru Censen Huanq Cənubi Koreyaya səfəri çərçivəsində yerli şirkətlərlə, o cümlədən SK hynix ilə əməkdaşlıq müqavilələri imzalayıb. Səfər zamanı o, ABŞ və Asiya fond bazarlarında müşahidə olunan kəskin enişə münasibət bildirib. Huanq investorları panikaya düşməməyə və qiymətlərin aşağı düşdüyü bu dövrdə səhm almağa dəvət edib.
Fond bazarında vəziyyət necədir?
ABŞ-ın texnoloji sektorunda baş verən korreksiya təxminən 1,3 trilyon ABŞ dolları dəyərində kapitallaşmanın itirilməsinə səbəb olub. Bu dalğa Asiya bazarlarına da sirayət edib: Cənubi Koreyanın Kospi indeksi ötən həftəki rekord səviyyədən 15%-dən çox geriləyib. SK hynix və Samsung Electronics şirkətlərinin səhmləri isə 10%-dən çox dəyər itirib.
Nə üçün bu eniş fürsət hesab olunur?
Censen Huanq-ın fikrincə, texnologiya sektoru hazırda süni intellekt üçün hesablama infrastrukturunun formalaşmasının ən ilkin mərhələsindədir. O, süni intellektin internet kimi qlobal bir infrastruktura çevriləcəyini vurğulayıb. Bu səbəbdən, süni intellekt bumu ilə qazanc əldə etmək istəyən investorlar üçün cari qiymətlər əlverişli hesab edilir.
Cənubi Koreya prezidenti Li Çje Myon da ölkənin fond bazarının hazırda dəyərindən aşağı qiymətləndirildiyini bildirib. Bu açıqlamalar SK hynix səhmlərinin gün ərzində itkilərinin bir hissəsini bərpa etməsinə kömək edib. Yaponiya bazarında isə SoftBank, TDK və Kioxia kimi nəhənglərin səhmlərində də ciddi enişlər qeydə alınıb.






