Nvidia şirkəti maliyyə hesabatlarının təqdimat formatında dəyişikliklərə gedib. VideoCardz.com nəşrinin ABŞ Qiymətli Kağızlar və Birjalar Komissiyasına (SEC) təqdim olunan sənədlərə istinadən yaydığı məlumata görə, şirkətin gəlirləri bundan sonra iki əsas qrupda cəmləşəcək: məlumat mərkəzləri (Data Center) və periferik hesablama (Edge Computing).
Yeni təsnifata əsasən, fərdi kompüterlər üçün videokartlar və konsol çiplərindən əldə edilən gəlirlər robototexnika, avtomobil elektronikası və süni intellekt sistemləri ilə birlikdə Edge Computing bölməsinə daxil edilib. Şirkət rəsmiləri bu addımı inkişaf drayverlərini daha dəqiq əks etdirmək zərurəti ilə izah ediblər. Lakin bu dəyişiklik analitiklərin geyminq və ya Nintendo Switch kimi cihazlar üçün nəzərdə tutulan komponentlərin gəlir payını izləməsini çətinləşdirəcək.
Qeyd edək ki, Nvidia-nın gəlirlərin təsnifatı ilə bağlı SEC ilə əvvəllər də fikir ayrılıqları olub. 2022-ci ildə tənzimləyici orqan kriptovalyuta mədənçiliyinin oyun qrafik prosessorlarının satışına təsirini şəffaf şəkildə açıqlamadığı üçün şirkəti cərimələmişdi.
TweakTown portalının məlumatına görə, 2026-cı maliyyə ilinin dördüncü rübündə Nvidia-nın geyminq seqmentindəki gəliri 3,7 milyard ABŞ dolları təşkil edib. Bu, illik müqayisədə 47% artım, rüblük müqayisədə isə 13% azalma deməkdir. İllik ümumi oyun gəliri isə 16 milyard ABŞ dollarına çatıb.





