Dünyanın ən böyük çip istehsalçılarından olan "Nvidia", gələn ilin əvvəlindən etibarən server seqmenti üçün nəzərdə tutulan süni intellekt sürətləndiricilərinin qiymətlərini 15%-dən çox artırmağı planlaşdırır. Bu qərar şirkətin "Vera Rubin" və "Grace Blackwell" ailəsinə aid olan hesablama sistemlərinə şamil ediləcək.
Qiymət artımı bütün məhsullar üçün eyni olmayacaq və birbaşa qrafik prosessorların nəslindən, eləcə də sürətləndiricinin yaddaş konfiqurasiyasından asılı olacaq. "Nvidia" rəhbərliyi bu addımı yaddaş çiplərinin maya dəyərinin artması ilə əsaslandırır. Şirkət artıq öz müştərilərinə bu dəyişikliklər barədə rəsmi bildirişlər göndərib.
Bu bahalaşmanın əsas səbəbi nədir?
Ekspertlər hesab edir ki, "Apple" və "Nvidia" kimi nəhəng texnologiya şirkətləri yaddaş komponentlərinin qiymət artımına qarşı uzun müddət müqavimət göstərə bilməyiblər. İstehsal xərclərinin artması nəticədə son istifadəçilər üçün məhsulların bahalaşmasına gətirib çıxarır. "Nvidia"-nın hazırda 75%-ə çatan yüksək mənfəət norması olsa da, şirkət xərcləri kompensasiya etmək üçün bu addımı atmağa məcbur qalıb.
Sənaye mütəxəssisləri xəbərdarlıq edir ki, server komponentlərinin bahalaşması dünya üzrə yeni məlumat mərkəzlərinin (ЦОД) tikintisi ilə bağlı onsuz da yüksək büdcə tələb edən layihələrin icrasını çətinləşdirə bilər. Qeyd edək ki, son dövrlərdə "Nvidia"-nın oyun seqmenti üçün nəzərdə tutulan qrafik kartlarının da dünya bazarında qiymət artımı müşahidə olunur.






