"HMD" şirkəti düyməli telefonlar bazarında yeni standartlar müəyyən edən "Nokia 300 Charge" modelini təqdim edib. Cihazın ən diqqətçəkən özəlliyi onun 3700 milliamper-saat tutumlu batareyasıdır ki, bu da analoji modellərlə müqayisədə iki dəfədən çoxdur. Məsələn, "Nokia 110 Power" 1750 milliamper-saat, "Nokia 105 (2023)" isə cəmi 1000 milliamper-saat batareya tutumuna malikdir.
Yeni telefon gözləmə rejimində 40 gündən çox, danışıq rejimində isə 37 saata qədər enerji saxlaya bilir. USB-C portu vasitəsilə 10 vatt gücündə enerji toplayan cihaz, həmçinin korpusunun yan tərəfindəki düymə vasitəsilə digər qadcetləri də 10 vatt gücündə doldura bilir. Qurğu "Unisoc SC6531E" prosessoru, 4 meqabayt operativ və 4 meqabayt daxili yaddaşla təchiz edilib, lakin microSD kartı vasitəsilə yaddaşı 32 giqabayta qədər genişləndirmək mümkündür.
Cihazın texniki göstəriciləri arasında 2,4 düymlük 320x240 pikselli ЖК-ekran, 3,5 mm-lik qulaqlıq girişi, fənər və sadə kamera yer alır. Çəkisi 138 qram olan telefon "S30+" əməliyyat sistemi ilə çalışır və 2G şəbəkələrini dəstəkləyir. Hazırda qum və yaşıl rəng variantlarında satışa çıxarılan "Nokia 300 Charge" modelinin qiyməti 35 ABŞ dolları təşkil edir.






