"Noctua" şirkəti avtomatlaşdırılmış layihələndirmə sistemləri (CAD) istifadəçiləri üçün öz məhsullarının rəsmi 3D modellərini yayımlayıb. STEP formatında olan bu faylları tamamilə pulsuz yükləmək mümkündür. Yeni təşəbbüs sayəsində istifadəçilər "Noctua" məhsullarını öz fərdi layihələrinə və renderlərinə asanlıqla daxil edə biləcəklər.
Təqdim edilən 3D modellər xüsusi ventilyator bərkidiciləri və ya fərdi kompüter korpusları dizayn etmək istəyən hər kəs üçün faydalı olacaq. Artıq mühəndislər və dizaynerlər öz layihələrində "Noctua" kulerlərini sıfırdan modelləşdirmək məcburiyyətində qalmayacaqlar. Hazır fayllar həmçinin ventilyatorların quraşdırıldığı layihələrin dəqiq vizuallaşdırılmasına imkan yaradır.
Qeyd etmək lazımdır ki, yayımlanan 3D modellər "Noctua" məhsullarının tam dəqiq surəti deyil. Onlar vizual olaraq oxşardır və montaj ölçülərini tam dəqiq əks etdirir, lakin şirkətin əqli mülkiyyətini qorumaq üçün bəzi detallarda dəyişikliklər edilib. Bu səbəbdən həmin fayllardan 3D çap üçün istifadə etmək və ya ventilyator pərlərinin dizaynını kopyalamaq qadağandır.
Dəyişdirilmiş dizayn bu modelləri ventilyatorların məhsuldarlığını simulyasiya etmək üçün yararsız hala gətirir. Onlar yalnız vizual tanışlıq və kompüter korpuslarının tərtibatı üçün nəzərdə tutulub. "Noctua" öz rəsmi saytında məsələ ilə bağlı xəbərdarlıq edib:
"Əqli mülkiyyətimizi qorumaq üçün ventilyator pərvanəsinin həndəsəsi kimi bəzi elementlər vizual olaraq real məhsula çox yaxın qalsa da, bir qədər dəyişdirilib. [...] Xahiş edirik, bu modellərdən məhsuldarlığın simulyasiyası üçün istifadə etməyin və nəzərə alın ki, daxili çərçivə strukturları real məhsula tam uyğun gəlmir."






